İranın hava məkanının bağlanması səbəbi ilə təyyarələr Bakı aeroportuna enişlər edir

Bakı Beynəlxalq Hava limanı

İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkətlər Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin məlumatına görə, artıq Varşava–Mumbay reysini həyata keçirən “LOT Polish Airlines” aviaşirkətinin “Boeing 787” təyyarəsi Bakı vaxtı ilə saat 21.47-də Bakı aeroportunda uğurla eniş edib.

Eyni səbəblə “Qatar Airways” aviaşirkətinə məxsus Moskva–Doha reysini yerinə yetirən “Boeing 787” təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21.53-də uğurla eniş edib.

İranın İsrailə yüzdən çox raket atması ilə İsrail və İranın proksi qüvvələri arasındakı qarşıdurma yeni eskalasiya nöqtəsinə çatıb. Səmada çox sayda raketlərin görünməsi ilə İsrailin hər yerində hava hücumu sirenləri səslənib.

İsrail hərbçiləri hücumun axşam saat 7:30 radələrində başlandığını və hücumda 180-dən çox raketin istifadə olunduğunu bildirib.

İsrailin Dəmir Qübbə kimi tanınan hava hücumundan müdafiə sisteminin raketlərin bəzilərini səmada vurduğu görüntülənib.

İranın dövlət xəbər agentliyi olan İRNA Teleqram kanalında hücumların videosunu paylaşıb. O, həmçinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəyanatını paylaşıb. Həmin bəyanatda İranın İsrailin təhlükəsizlik və kəşfiyyat orqanlarını hədəf aldığı bildirilir.

İsrail İranın irimiqyaslı raket hücumuna cavab vermək əzmindədir. Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.

"Bu hücumun fəsadları olacaq," admiral Daniel Haqari açıqlamada bəyan edib. "Bizim planlarımız var və biz qərar verdiyimiz vaxtda və yerdə əməliyyat keçirəcəyik."