Minnesota qubernatoru Tim Valz və ABŞ Senatoru JD Vans arasında çərşənbə günü Nyu Yorkda debat kecirilir. Prezident seçkisinə bir aydan bir az çox müddət qaldığı bir vaxtda Vise-prezidentliyə Demokrat və Respublikaçı namizədlər seçiciləri cəlb etməyə çalışır.
Bu, Valzla Vans arasında ilk və mümkündür ki, son debatdır. Prezidentliyə namizədlər Vitse-prezident Kamala Harris və keçmiş Prezident Donald Tramp arasında başqa bir debat planlaşdırılmayıb.
Ümummilli rəy sorğuları Harrisin cüzi fərqlə Trampdan öndə getdiyini göstərir, ancaq növbəti prezidenti müəyyən edəcək bir neçə kritik ştatda onlara dəstək arasında fərq xüsusilə azdır. Bunun fonunda namizədlər kiçik də olsa irəliləyiş əldə etməyə çalışırlar.
Brukinqs İnstitutunun baş elmi işçisi Bill Qalston Amerikanın Səsinə bildirib ki, Valz və Vans üçün debatda ən önəmli məsələ səhvə yol verməmək, ya da prezidentliyə namizədin dəstəkləmədiyi siyasi mövqe ifadə etməməkdən ibarət deyil.
“Onların etməli olduqları ilk şey özlərini elektorata təqdim etməkdir və hər biri yaxşı ümumi təəssürat yaratmağa çalışacaq,” Qalston deyib. “İkincisi, vitse-prezidentliyə namizədlər üçün əsas qanun vitse-prezidentlər üçün əsas qanunla demək olar ki, eynidir – namizədinə və ya prezidentinə xələl gətirəcək və ya onu rüsvay edəcək heç nə etməmək.”
Ən son ABŞ prezident seçkilərində seçicilər prezidentliyə bir neçə namizədin iştirakı ilə keçirilən debatlara şahid olublar, amma bu dəfə bu, fərqli olub.
Tramp iyun ayında Prezident Co Baydenə qarşı debatda iştirak etdi. Həmin debat Bayden üçün yaxşı keçmədi və partiyası tərəfindən onun yarışdan geri çəkilməsinə dair çağırışlara gətirib çıxardı. Harris Demokratların namizədi olandan sonra isə onunla Tramp arasında ötən ay debat keçirildi.
ABŞ-ın 50 ştatının altısında artıq erkən səsvermə başlayıb. Çərşənbə axşamı keçiriləcək debat bu rəqəmin artdığı bir vaxta təsadüf edir. Belə ki, oktyabrın 16-dək əlavə 14 ştatda erkən səsvermə başlayacaq.