Ukraynadan 34 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib

Ukraynadan 34 uşaq Azərbaycana gətirilib (Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi)

Ukraynadan daha 34 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verib.

Məlumata görə, ukraynalı uşaqlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 15 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Rəsmi məlumatda deyilir ki, uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq.

“Reabilitasiya proqramı onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.

“Uşaqların Azərbaycan mədəniyyəti, milli-mədəni, tarixi irslə daha yaxından tanışlığı üçün onların Şəki və Qəbələ şəhərlərində tarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil olunacaq”, məlumatda deyilir.

Bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dən çox ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.