Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız plenar iclası sentyabrın 30-da işinə başlayıb.
Sessiyanın əsas məqamlarından biri Vatslav Havel insan hüquqları mükafatının təltifetmə mərasimi olacaq. Mükafata üç namizədindən biri Azərbaycanda həbsdə olan vətəndaş cəmiyyəti üzvü, hüquq müdafiəçisi Akif Qurbanovdur.
“Toplum TV” işi üzrə mart ayında həbs edilən Akif Qurbanovla yanaşı, venesuelalı müxalifət lideri Mariya Korina Maçado və gürcüstanlı vətəndaş cəmiyyəti fəalı Babutsa Patariya da mükafata namizədlər sırasındadır.
AŞPA həftə ərzində Avropada propaqanda və məlumat almaq azadlığı, Qolodomorun 90 illiyi - Ukrayna yenidən soyqırımla üz-üzə, Culian Assanjın həbsi və məhkum edilməsinin insan hüquqlarına təsiri, İranda vəziyyət və Avropa Şurası ölkələrində yaşayan iranlı hüquq müdafiəçilərinin müdafiəsi mövzularında müzakirələr keçirəcək.
4 oktyabradək davam edəcək sessiyanın gündəliyinə təcili debatlar proseduru üzrə “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiyanın vəziyyətinin pisləşməsi” mövzusu irəli sürülüb. Assambleya sessiyanın ilk günündə mövzunun gündəliyə salınmasına səs verəcək.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu dəfə də sessiyada iştirak etmir.
AŞPA Azərbaycanın öhdəliklərin yerinə yetirməməsi və insan hüquqlarının vəziyyətini əsas gətirərək azərbaycanlı deputatların etimadnaməsini bu ilin yanvar ayında ratifikasiya etməyib.
Azərbaycanın nümayəndə heyəti baş verənlərin Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib, ancaq hüquqlarının vəziyyəti, qurumla əməkdaşlıqdan imtinaya dair səsləndirilən tənqidlərə toxunmayıb.
Təcili debatlar proseduru üzrə həmçinin “Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi nəticəsində itkin düşmüş şəxslər: hərbi əsirlər və əsirlikdə olan mülki şəxslər” və “Qəzzada qadın və uşaqların fövqəladə sağlamlıq və humanitar vəziyyəti” mövzuları irəli sürülüb.
Bundan əlavə, həftə ərzində Avropa Şurasının yeni baş katibi Alen Berse və Nazirlər Komitəsinin cari sədri, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Assambleyada çıxış edəcək və deputatların suallarını cavablandıracaqlar.