Təbrizdə bəhai ailənin evində axtarış aparılıb

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, son vaxtlar İranın təhlükəsizlik qurumları Təbrizdə bəhai türk icmasına mənsub şəxslər və ailələrə qarşı basqıları artırıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına əsasən, İranın təhlükəsizlik məmurları bu günlərdə Təbrizdə bəhai vətəndaşların evlərində axtarış aparıblar. Hüquq müdafiə qurumu o cümlədən Fərdin Rzayi və Məhliqa Əqdəsi cütlüyünün evində axtarış aparıldığını bildirib.

“Ailəyə yaxın bir mənbə agentliyə deyib ki, təhlükəsizlik qüvvələri cümə axşamı günü səhər saat 6:30 radələrində Fərdin Rzayi və həyat yoldaşı Məhliqa Əqdəsinin evində axtarış aparıblar. Məmurlar onların bəzi şəxsi əşyaları, o cümlədən mobil telefon və kompüterlərini müsadirə ediblər,” HRA saytı yazıb.

Təhlükəsizlik qüvvələri keçən həftələrdə Təbrizdə biri qadın olmaqla, bəhai inancına mənsub ən az üç şəxsi nəzarət altına alıblar. Saxlanılanlardan Əzəm Azmudə daha sonra mülki zəmanətlə sərbəst buraxılıb, ancaq adları Sina Əqdəsi və İrəc Norəstə olaraq açıqlanan digər iki vətəndaşın vəziyyəti ilə əlaqədar dəqiq məlumat yoxdur.

SEE ALSO: Təbrizdə bəhai inancına mənsub azı üç vətəndaş saxlanılıb

1979 İslam inqilabından bəri İran Azərbaycanı və ölkənin digər bölgələrində bəhai icmasına mənsub vətəndaşlar öz dini ayinlərini həyata keçirdikləri üçün siyasi, iqtisadi və sosial təzyiqlərə məruz qalırlar. İran İslam Respublikasının rəsmiləri və rəsmi xəbər agentlikləri bəhai incancını “azmışların firqəsi” adlandırırlar.