ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Nyu-Yorkda dövlət katibi Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü və ABŞ-ın sülh prosesində səylərini şərh edib.
Amerikanın Səsi: Dövlət katibi Blinken diplomatik mənbələrin hesab etdiyi kimi, danışıqların yekun mərhələsində irəliləyişə təkan vermək məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə görüş keçirib. Dövlət katibinin iştirakı ilə sonuncu görüş Vaşinqtonda NATO sammiti çərçivəsində baş tutmuşdu. Blinken bu yaxınlarda prezident Əliyev və baş nazir Paşinyanla danışaraq, iki ölkə arasında davamlı və ləyaqətli sülhün vacibliyini bir daha vurğulayıb. Bu son hadisələri nəzərə alaraq, sülh perspektivləri və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərlə bağlı nə söyləyə bilərsiniz?
Riçard Kazlariç: Mən bilirəm ki, Birləşmiş Ştatlar sizin qeyd etdiyiniz kimi uzunmüddətli və ləyaqətli sülhə nail olmaq üçün çox, olduqca ciddi səylər göstərməkdə davam edir. Lakin mən yaxın müddətdə, düşündüyüm kimi bu ilin sonuna qədər razılaşmanın əldə olunacağına məni inandıracaq heç bir irəliləyiş əlaməti görmədim. Ümid edirəm ki, mən səhv edirəm. Amma nə regionda, nə də regiondan kənarda bizim razılığa yaxın olub-olmadığımızla bağlı sualınıza cavab verə biləcək heç bir dəlil yoxdur. Buna görə də mən ümid etməyə davam edirəm ki, bu təmaslar sadəcə bir görüşlə bitməyəcək və xarici işlər nazirləri üçüncü yerdə görüşənə qədər unudulmayacaq. Ümid edirəm ki, regionda sərhəd məsələsi ilə bağlı bir müddət əvvəl əldə edilmiş anlaşmaya əsaslanacaq davam edən başqa müzakirələr də olacaq. Lakin bu, xarici işlər nazirləri səviyyəsində görüşlər silsiləsi deyil, daha uzunmüddətli qarşılıqlı fəaliyyət olmalıdır.
Amerikanın Səsi: Tərəflərin COP29 iqlim sammitinə qədər razılığa gələ biləcəyi ilə bağlı gözləntilər var idi. Sizin fikrinizcə, tərəflər razılığa nə qədər tez zamanda gələ bilər?
Riçard Kazlariç: Fikrimcə, COP29-dan əvvəl bunu etmək çətin olardı. Yenə də bu məsələdə yanıldığımı görmək istərdim. Mən bilirəm ki, Azərbaycanın müxtəlif rəsmiləri, o cümlədən prezident Əliyev sazişin 80-90 faiz tamamlanmasından danışırlar. Amma qalan 10 və ya 20 faiz yəqin ki belə bir razılaşmada ən çətin məsələləri əhatə edir. Bu, COP29-dan əvvəl baş verə bilərmi? Əlbəttə ola bilər. Bunun baş verməsi ehtimalı varmı? Mən bunu edə biləcəyimiz bir nöqtədə olduğumuza dair heç bir əlamət görmürəm. İndi COP29-a qədər qalan məsələləri tamamlamaq üçün bir neçə həftəmiz var. Dediyim kimi, ümid edirəm yanılıram.
Amerikanın Səsi: Dövlət Departamentinin məlumatına görə, dövlət katibi Blinken prezident Əliyevlə son telefon söhbəti zamanı ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini və ABŞ-ın Bakıda keçirilən COP29 sammitinin uğurlu keçirilməsinə sadiqliyini vurğulayıb. Söhbət zamanı regional və ikitərəfli əməkdaşlıq, o cümlədən Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə əməl etməsi müzakirə edilib. COP29 ərəfəsində fəallar, vətəndaş cəmiyyəti üzvləri və jurnalistlərə qarşı təqiblər narahatlığa səbəb olub. ABŞ bu problemi necə ünvanlamağa çalışır?
Riçard Kazlariç: Hesab edirəm ki, sizin qeyd etdiyiniz kimi telefon danışıqları ikitərəfli münasibətlərimizdə mühüm məsələlərin nədən ibarət olduğunu ABŞ-da ən yüksək səviyyələrdən Azərbaycanda ən yüksək səviyyələrə çatdırmaq üçün ən təsirli tədbirlərdir. Fikrimcə, çox aydındır ki, COP29-un uğurlu nəticələnməsi təkcə ABŞ deyil, dünyanın digər ölkələrini də Azərbaycanda baş verən hadisələrə diqqət yetirməyə sövq edir. Biz Ermənistanla Azərbaycan arasında sülh sazişinin mümkünlüyündən danışdıq. Aydındır ki, bu, çox vacibdir. Mən əminəm ki, telefon danışıqlarında gündəmə gələn ilk iki mövzu bunlardır. Lakin insan hüquqları və jurnalistlərin və müxalif siyasi liderlərin həbslərinin davam etməsi COP29-a yaxınlaşdığımız vaxt Azərbaycanın imici üçün yaxşı əlamət deyil. Bu, Azərbaycanın münaqişə dövründən çıxmış, iqtisadi inkişaf yoluna qədəm qoymuş müasir ölkə kimi özünü dünyaya təqdim etməsi üçün həqiqətən gözəl imkan olardı. Lakin jurnalistlərin, müxalif siyasi liderlərin həbsi və sülh razılaşmasının əldə edilməməsi kimi şeylər COP29 yaxınlaşdıqca bu imicə kölgə salır.
Amerikanın Səsi: Bir sualım da var. ABŞ-da seçkilərə iki aydan az vaxt qalır. Potensial Harris və ya Tramp administrasiyasının regionla strateji baxımdan əlaqələri necə olacaq? Sizin fikrinizcə, növbəti administrasiya üçün əsas prioritetlər nədən ibarət olacaq?
Riçard Kazlariç: Bu, çox yaxşı sualdır. Düşünürəm ki, həm Trampın, həm də vitse-prezident Harrisin xarici siyasət maraqları və prioritetlərinin nə olacağı tədricən aydınlaşır. Prezident Tramp yenidən seçilərsə, ilk administrasiyası dövründə yürütdüyü siyasəti davam etdirəcək. Mən bunların dəyişdiyini görmürəm.
Vitse-prezident Harris qalib gəlsə, məncə, Ermənistan və Azərbaycan arasında davamlı və ədalətli sülhün əldə edilməsinə marağın göstərilməsi prioritet olacaq. Lakin bu, Harris administrasiyasının həll etməli olduğu bir çox digər prioritetlər sırasında olacaq. Buraya Yaxın Şərqdə münaqişə, Rusiyanın Ukraynaya qarşı təcavüzünü davam etdirməsi və Çinlə münasibətlər də daxil olmaqla, dünyanın digər yerlərində problemlər daxildir.
Beləliklə, prezident Trump seçildiyi təqdirdə [prioritetlərin] daha çox eyni olacağını düşünürəm. Vitse-prezident Harris prezident Harris olarsa, bunun müəyyən dərəcədə eyni olacağını fikirləşirəm. Lakin mən əminəm ki, o, Cənubi Qafqaz da daxil olmaqla, bu səylərə öz imzasını atmaq istəyəcək.