Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cü sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
Ermənistan Baş nazirinin rəsmi bəyanatına əsasən, tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi çərçivəsində artıq atılan addımları və əldə edilmiş mövcud razılaşmaları vurğulayıblar.
Türkiyə tərəfinin məlumatına görə, Prezident Ərdoğan Türkiyə ilə Ermənistan arasında ilkin şərtlər olmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişin əldə olunduğunu bildirib və dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.
Bundan əlavə Prezident Ərdoğan Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması və yeni dövrdə iki ölkə arasında möhkəm dostluğun qurulmasının tərəfdarı olduğunu və bunun asanlaşdırılması üçün səylərin davam etdiyini bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan da prezident Ərdoğana Ermənistan-Azərbaycan arasında sülh danışıqları prosesinin hazırkı vəziyyəti, münasibətlərin nizamlanmasına dair sazişi imzalamağa hazırlığı, həmçinin Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” təşəbbüsü barədə məlumat verib.
Sentyabrın 26-da isə Nyu-Yorkda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Amerikanın Səsinə deyib.
Görüş ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə baş tutacaq.
Sentyabrın 23-də isə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatında təşkil olunan “Gələcəyin Sammiti”ndə çıxış edib.