Bayden BMT-də çıxışında Ukraynada və Qəzzada münaqişələr kimi sınaqlar qarşısında birliyə çağırdı

Your browser doesn’t support HTML5

Prezident Co Bayden Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Amerika lideri olaraq son çıxışında Ukrayna, Qəzza və Sudanda münaqişələr də daxil olmaqla, beynəlxalq səhnədə çağırışlar qarşısında birliyə çağırıb.

Ümid, birlik və xidmət. Prezident Co Baydenin çərşənbə axşamı BMT-nin Baş Assambleyasında son çıxışında dünya liderlərinə mesajı bu idi.

ABŞ lideri dünya liderləri qarşısında çıxışında bir sıra məsələlərə toxundu. Gözlənildiyi kimi, o, dünyanı Qəzzada, Ukraynada və Sudanda münaqişələrə son qoymaq üçün birgə işləməyə çağırdı. O həmçinin administrasiyasının səhiyyə və iqlim dəyişikliyinin təsirinin azaldılması ilə bağlı işini qeyd etdi.

Lakin onun yenidən seçilməmək qərarı ilə bağlı söylədikləri təşkilata üzv 193 ölkənin liderlərinin olduğu auditoriya tərəfindən ən böyük alqışlara səbəb oldu.

Prezident Co Bayden: “Hörmətli liderlər, heç vaxt unutmayaq ki, bəzi şeylər hakimiyyətdə qalmaqdan daha vacibdir. Bu, sizin xalqınızdır”.

Lakin onun Yaxın Şərqdə münaqişənin yayılmasına son qoymaq üçün sülh sazişinin əldə edilməsi çağırışı beynəlxalq qurumda nə qədər dərin fikir ayrılığının olduğunu nümayiş etdirir.

Prezident Co Bayden: “Vəziyyətin gərginləşməsinə baxmayaraq, diplomatik həll hələ də mümkündür. Əslində, bu, hər iki ölkənin sakinlərinə sərhəddə təhlükəsiz şəkildə öz evlərinə qayıtmaq imkanı vermək üçün davamlı təhlükəsizliyə aparan yeganə yol olaraq qalır. Biz buna nail olmaq üçün yorulmadan çalışırıq”.

Lakin təhlilçilər Ukraynadakı kimi Qəzzada münaqişənin Baydenin prezidentliyi müddətində bitməyəcəyini deyirlər.

Amerika Sahibkarlıq İnstitutunun təhlilçisi Con Fortier: “Düşünürəm ki, prezident həmişə tutduğu xəttə sadiq qalaraq, İsraili dəstəkləməyə çalışır, lakin o, əslində Qəzzadakı acınacaqlı vəziyyətə bir qədər şəfqətli münasibət və anlayış nümayiş etdirir və bunun həll olunacağına ümid edir, lakin vəziyyətə birbaşa nəzarət etməyi əslində bacarmır”.

Vaşinqtonun İsrailə güclü dəstəyi bir çox üzvlərin İsrailin Qəzzada, hazırda isə Livanda hərəkətlərini tənqid etdiyi BMT-də onun mövqeyi üçün sınadır.

Beynəlxalq qurumun rəhbəri “siyasi cəhətdən əsaslandırılmayan və mənəvi cəhətdən qəbuledilməz” adlandırdığı cəzasızlıq barədə xəbərdarlıq edib.

BMT-nin baş katibi Antonio Quterreş: “Heç bir şey HƏMAS-ın oktyabrın 7-də törətdiyi dəhşətli terror aktlarına və ya girov götürməyə haqq qazandıra bilməz. Mən bunların hər ikisini dəfələrlə pisləmişəm. Və heç bir şey Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz”.

BMT-nin illik tədbiri dünya hökumətləri üçün ümumi çağırışları və ortaq baxışları müzakirə etmək imkandır. Hazırda ən böyük sual Qəzzadan Ukraynaya və Sudana qədər onların nə edəcəyidir.