Sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Amerikanın Səsinə deyib.
Görüş ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə baş tutacaq.
Hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdədirlər.
Bundan öncə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu il iyulun 10-da Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.
Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Dövlət Departamentinin yaydığı açıqlamaya görə telefon danışığı zamanı diqqət mərkəzində Azərbaycanla Ermənistan arasında "dayanıqlı və şərəfli" sülhə doğru səylər olub.
"Dövlət katibi Blinken tərəflər arasında bu yaxınlarda əldə olunmuş proqresi, o cümlədən sərhəd delimitasiyası nizamlamaları üzrə razılaşmanı alqışlayıb," açıqlamada bildirilir.
Aərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
“O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib”, məlumatda qeyd edilir.
Azərbaycan Prezidenti İlham Əliyev regionda artıq sülhün mövcud olduğunu deyib.
Bundan öncə, sentyabrın 12-də ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
“Dövlət katibi Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini bir daha təsdiqləyib. Dövlət katibi Blinken tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası tənzimlənməsinə dair razılaşmanı alqışlayıb. Dövlət katibi Blinken və Baş nazir Paşinyan ABŞ-Ermənistan münasibətlərinin genişlənməsini, o cümlədən enerji, ticarət, investisiya və təhsil sahələrində əməkdaşlığı müzakirə ediblər. Dövlət katibi Ermənistan xalqına və daha geniş Qafqaz regionuna fayda verən firavan, demokratik və müstəqil Ermənistanı dəstəkləmək üçün Birləşmiş Ştatların davamlı səylərə sadiqliyini bir daha təsdiqləyib”, Dövlət Departamentinin Mətbuat katibi Metyu Miller bildirib.