Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları ölkəyə gətirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, onların ölkəyə geri qaytarılması məqsədilə dərhal Rusiya Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb”, məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, saxlanılmış vətəndaşlar ilə səfirlik tərəfindən telefon danışığı baş tutub.
"Azərbaycan vətəndaşlarının ölkəyə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib", - məlumatda qeyd edilir.
Qeyd edək ki, bir müddət əvvəl Çeçenistanda saxlanılanlardan Nihad Rzayevin atası, Tovuz rayonunun Əlibəyli kənd sakini Tapdıq Rzayev Amerikanın Səsinə bildirib ki, onlar Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərə göndərilmək üçün Çeçenistanda avqustun sonlarında saxlanılan Azərbaycan vətəndaşları əmək miqrantlarıdır.
Onun sözlərinə görə, oğlu ilə yanaşı, iki yaxın qohumu - Vüqar Məhərrəmov və Elxan Şirinov da saxlanılıb.
Rzayev bildirib ki, Çeçenistanda hər üçünün də qeydiyyatlarının olmaması bəhanəsi ilə saxlanılıblar.
“Məhərrəmov və Şirinov Ukraynada müharibəyə göndərilmələri haqqında müqavləni imzalamağa məcbur ediliblər. Hazırda onlar Qroznıda "Şimali Axmat" hərbi hissəsində hazırlıq keçirlər”, o qeyd edib.