Federal Təhqiqat Bürosunun (FTB) yenicə açıqladığı hesabata görə, ABŞ-da zorakı cinayətlər ardıcıl ikinci ildir ki, azalır, hüquq-mühafizə orqanları qətl və zorlamaların əhəmiyyətli dərəcədə azaldığını bildirir.
Bazar ertəsi yayımlanan FTB-nin Ölkədə Cinayəti hesabatı 2022-ci ildən 2023-cü ilə qədər ümumilikdə zorakılıq cinayətlərinin 3%, qətl və adam öldürmələrin 11,6% və zorlamaların 9% -dən çox azaldığını aşkar edib.
Oğurluq və ağır hücumların sayında da kiçik azalmalar müşahidə edilib. Bundan əlavə, oğurluq da daxil olmaqla, əmlak cinayətləri il ərzində təxminən 2,4% azalsa da, avtomobil oğurluğu 12,6% artıb.
Hesabatla bağlı jurnalistlərə danışan FTB rəsmiləri qətllərin sayındakı azalmanı diqqətəlayiq adlandırıb və bildiriblər ki, 11,6% azalma son 20 ildə qeydə alınan ən böyük göstəricidir.
Ümumilikdə, rəsmilər bildiriblər ki, 2023-cü ildə bütün zorakılıq cinayətlərinin nisbəti 2022-ci ildə 100 000 əhaliyə 377.1 zorakılıq cinayəti nisbətindən 100 000 nəfərə 363.3 cinayət təşkil edib.
Hesabat üçün məlumat 16 000-dən çox ABŞ dövlət və yerli hüquq-mühafizə orqanları, o cümlədən bir milyondan çox əhalisi olan şəhərlərə xidmət göstərən bütün agentliklər dən toplanıb.
ABŞ-da zorakılıq cinayətlərinin azalması, koronavirus pandemiyası zamanı 2020-ci ildə qətllərdəki sıçrayışdan sonra cinayət nisbətlərinin aşağı düşdüyü 2021-ci ilə qədərki tendensiyanı davam etdirir.
Zorakılıq cinayətlərinin nisbəti də 1990-cı illərin əvvəllərindəki zirvədən xeyli aşağıdır.
Bıçaq, kəsici alətlər və ya digər silahlarla ağırlaşdırılmış hücumların sayı da daxil olmaqla, bəzi cinayətlərdə cüzi artımlar müşahidə olunub.
FTB-nin hesabatına görə, vəzifə borcunu yerinə yetirərkən öldürülən 60 zabit daxil olmaqla, polis məmurlarına edilən hücumlar da son 10 ilin ən yüksək səviyyəsinə yüksəlib.
Nifrət cinayətlərinin qurbanlarının sayı da 2022-ci illə müqayisədə artıb. FTB rəsmiləri bu artıma nifrət cinayətləri haqqında məlumat verən hüquq-mühafizə orqanlarının sayının artmasının təsir göstərə biləcəyini deyir.