Rəsmi Bakı Kanada xarici işlər nazirinin Qarabağla bağlı bəyanatını pisləyib

Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaldır, 15 oktyabr 2023-cü il

Rəsmi Bakı Kanadanın xarici işlər nazirinin Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi əməliyyatın ildönümü ilə əlaqədar yaydığı bəyanatını pisləyib.

Kanadanın xarici işlər naziri Melani Joli sentyabrın 22-də yaydığı bəyanatında Bakının “əsassız hərbi əməliyyatı” nəticəsində 100 mindən artıq erməni sakinin məcburi köçkün düşdüyünü qeyd edib, erməni məhbusların azad edilməsinə çağırıb.

Kanada həmçinin Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh müqaviləsinin bağlanması istiqamətində məzmunlu danışıqların aparılmasını, ədalətli və davamlı sülh üçün tərəflər arasında dialoqun və etimad quruculuğu tədbirlərinin davam etdirilməsini dəstəklədiyini bildirib.

“Kanada Dağlıq Qarabağ məsələsinin danışıqlar yolu ilə siyasi həllini, ədalətli və davamlı sülh danışıqlarında güc tətbiq etməmək, ərazi bütövlüyünə hörmət və öz müqəddəratını təyinetmə hüququ prinsiplərini dəstəkləyir. Bu, özündə erməni mülki şəxslərin təhlükəsiz və ləyaqətli qayıtmaq hüququnu, insan hüquqlarının və vətəndaşların yaşayış şəraitinin qorunmasına təminatları, ərazidəki erməni mədəni və tarixi abidələrinin qorunub saxlanmasını ehtiva etməlidir”, bəyanatda vurğulanır.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə kanadalı naziri manipulyasiya və faktları təhrif etməkdə günahlandırıb, Azərbaycanın 2023-cü ildə Qarabağ bölgəsində tam suverenliyini bərpa etdiyini, Ermənistan silahlı qüvvələrinin bölgədə qanunsuz mövcudluğuna və dəstək verib saxladığı separatçı rejimə son qoyulduğunu qeyd edib.

“Kanada xarici işlər nazirinin Qarabağ bölgəsi ilə bağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, separatizmi dəstəkləyən iddiaları Kanadanın xarici siyasətinin nə qədər “dahi” və “uzaqgörən” olduğunu nümayiş etdirir”, Hacızadə deyib.

Hacızadə əlavə edib ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər barədə susmaqla yanaşı, Azərbaycanın öz suveren ərazilərində heç bir mülki şəxsi hədəf almadan həyata keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətlər yayırlar.

“Bir daha bildiririk ki, bu cür təxribatçı və qərəzli bəyanatlar regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil”, Azərbaycan XİN-in bəyanatında qeyd edilir.

Sovet İttifaqı dağılandan bəri beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan və əhalisinin əksəriyyəti etnik ermənilərdən ibarət keçmiş Dağlıq Qarabağ bölgəsi üzərində Ermənistan və Azərbaycan arasında 30 ildə iki müharibə baş verib.

1994-cü ildə atəşkəs rejimi qüvvəyə mindikdə Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon Ermənistan hərbi qüvvələrinin dəstəyi ilə etnik erməni qüvvələrinin nəzarətinə keçib. 2020-ci ildə Azərbaycan Ermənistan qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsinin bir hissəsini və ətraf rayonları üzərində nəzarəti bərqərar edib.

2023-cü ilin sentyabrında birgünlük hərbi əməliyyat nəticəsində Bakı regiona tam nəzarəti ələ keçirdikdən sonra 100 minə yaxın etnik erməni Qarabağı tərk edərək Ermənistana üz tutub.

Ermənistan Azərbaycanı Qarabağda “etnik təmizləmə” aparmaqda günahlandırıb.

Rəsmi Bakı bu günədək “etnik təmizləmə” ilə bağlı ittihamları rədd edir, Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini bildirir.

Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığında Azərbaycanla Ermənistan arasında "dayanıqlı və şərəfli" sülhə doğru səylər diqqət mərkəzində olub.

“Dövlət katibi Blinken tərəflər arasında bu yaxınlarda əldə olunmuş proqresi, o cümlədən sərhəd delimitasiyası nizamlamaları üzrə razılaşmanı alqışlayıb,” Dövlət Departamentinin açıqlamasında bildirilib.