Birləşmiş Millətlər Təşkilatı bazar günü Rusiyanın başçılıq etdiyi bir qrup ölkənin son dəqiqə etirazlarına baxmayaraq, münaqişələrdən tutmuş iqlim dəyişikliyi və insan hüquqlarına qədər 21-ci əsrin çağırışlarını həll etməyə yönəlmiş “Gələcəyə dair Pakt”ı qəbul edib.
“Gələcəyə dair Sammit”i təşkil edən BMT baş katibi Antonio Quterreş bunu beynəlxalq əməkdaşlığı canlandıraraq, bəşər tarixini yenidən formalaşdırmaq üçün “nəsildə bir dəfə olan imkan” adlandırıb.
BMT Baş Assambleyasının çərşənbə axşamı başlayan illik yüksək səviyyəli həftəsinin açılış tədbiri olaraq onlarla dövlət və hökumət başçısı mətnin imzalanması üçün toplaşıb.
Qəbul edilmiş versiyada liderlər “dəyişən dünya ilə ayaqlaşmaq” və “davam edən böhran”la üzləşən “hazırki və gələcək nəsillərin ehtiyacları və maraqlarını qorumaq” üçün çoxtərəfli sistemi gücləndirməyi vəd ediblər.
“Biz inanırıq ki, bütün bəşəriyyət üçün daha parlaq gələcəyə aparan yol var”, sənəddə deyilir.
Paktda çoxtərəflilik, BMT Nizamnaməsinə hörmət və sülhməramlılıq üzrə öhdəliklər də daxil olmaqla, 56 “fəaliyyət” nəzərdə tutulur.
Sənəddə həmçinin beynəlxalq maliyyə institutları və BMT Təhlükəsizlik Şurasında islahatlara, eləcə də iqlim dəyişikliyi ilə mübarizə, tərksilahın təşviqi və süni intellektin inkişafına rəhbərlik etmək üçün səylərin bərpasına çağırılır.
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin “dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini” vurğulayan və BMT-ni səylərin təkrarlanmasından çəkinməyə çağıran düzəliş təklif etdiyi zaman mətnin qəbulu qısa müddətdə ləngidilib.
Rusiyanın etirazları onun müttəfiqləri olan Belarus, Şimali Koreya, İran, Nikaraqua və Suriya tərəfindən dəstəklənib, lakin heç bir tədbir görülməməsi ilə bağlı təklifin irəli sürülməsi ilə düzəliş böyük əksəriyyət tərəfindən rədd edilib.
Qlobal istiləşmə ilə mübarizə müzakirələrdə çıxılmaz vəziyyətin yaranmasına səbəb olan məsələlərdən biri olub. Mədən yanacaqlarından “keçid”ə dair istinadlar bir neçə həftə əvvəl layihə mətnindən çıxarıldıqdan sonra yenidən mətnə daxil edilib.
İnkişaf etməkdə olan ölkələr xüsusilə də iqlim dəyişikliyinin təsirlərini nəzərə alaraq, güzəştli maliyyəyə daha asan çıxışı təmin etmək üçün beynəlxalq maliyyə institutlarında islahatlara dair konkret öhdəliklər tələb ediblər.
Human Rights Watch insan hüquqlarının müdafiə təşkilatı mətni şərh edərək, sənədin “iqtisadi ədalətə və beynəlxalq maliyyə arxitekturasında islahatlara dair mühüm öhdəlikləri” ehtiva etdiyini bildirib və eyni zamanda “insan hüquqlarının mərkəzi rolunu” yüksək qiymətləndirib.