Rusiyanın Xarkiv şəhərinə zərbə endirməsi nəticəsində 20-dən çox insan yaralanıb

Yerli sakinlər Xarkiv şəhərinə şənbə günü axşam saatlarında raket hücumundan sonra zədələnmiş yaşayış binasının həyətində dayanırlar, 21 sentyabr, 2024.

Rusiyanın Ukraynanın Xarkiv şəhərində yaşayış massivinə endirdiyi zərbə nəticəsində 3 nəfər azyaşlı olmaqla, 21 nəfərin yaralandığı bildirilir.

“21 nəfər, o cümlədən üç uşaq yaralanıb: 17 yaşlı oğlan, 17 yaşlı qız və 8 yaşlı qız”, vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram kanalında yazıb. O, əlavə edib ki, 8 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

Hücum şənbə günü axşam saatlarında müharibədən əvvəl 1,4 milyon insanın yaşadığı Xarkiv şəhərinin rayonlarının birinda baş verib.

Rusiya Ukraynanın şərqində Rusiya sərhədinə yaxın yerləşən şəhəri mütəmadi olaraq hücuma məruz qoyub.

Fransa müxbirinin hadisə yerində gördüyünə əsasən, xilasedicilər məşəllərdən istifadə edərək dağıntılar arasında axtarış apardıqları zaman dəhlizin divarından yapışaraq pilləkənlərlən enməyə qorxduğu üçün ağlayaraq anasını çağırdığı qızı görüblər.

Xilasedici “hər şey qaydasındadır” deyərək, onun əlindən tutub və anası Oleksandranın yanına aparıb.

“İndicə partlayış oldu. Orada vəziyyət dəhşətlidir, yer xarabalığa çevrilib”, o deyib.

Şəhərin meri İqor Terexov hadisə yerində deyib ki, “gördüyünüz kimi, burada hərbçi yoxdur”.

“Hər gün və hər gecə Xarkiv zərbələrə məruz qalır”, o bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hücum Ukrayna qüvvələrinin Rusiya ərazisinə daha dərindən zərbə endirmək üçün Qərb müttəfiqləri tərəfindən verilən silahlardan niyə istifadə etməli olduğunu göstərir.

Kyiv uzun müddətdir Qərb ölkələrinə bununla bağlı müraciət edir, lakin bəzi Qərb tərəfdaşları indiyə qədər bunu etməkdən imtina ediblər.

“Biz həyatları daha yaxşı qorumaq və təhlükəsizliyimizi təmin etmək üçün imkanlarımızı gücləndirməliyik”, o, bu həftə ABŞ-a səfərindən əvvəl bildirib.

Səfər zamanı Zelenskinin BMT Baş Assambleyasında çıxış edəcəyi və Vaşinqtonda danışıqlar aparacağı gözlənilir.