İsrailin Qəzza şəhərinə hücumunda 22 nəfər ölüb

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin şənbə günü Qəzzanın şimalında məktəbə endirdiyi zərbə ən azı 22 nəfərin ölümünə səbəb olub. İsrail ordusu isə bildirib ki, bir zamanlar məktəb olan HƏMAS-ın komanda mərkəzini hədəf alıb.

Nazirlik açıqlamasında bildirib ki, Qəzza şəhərinin Zeytun ərazisindəki məktəbə hücumda həmçinin 30 nəfər yaralanıb. O həm də bildirib ki, yaralanan və ölənlərin çoxu qadın və uşaqlardır. Yaralı və ölülərin hansı xəstəxanaya aparıldıqları dərhal bəlli olmayıb.

Onlarla insan, o cümlədən uşaqlar binanın dağıntıları altında axtarış aparıb. Başqaları isə kəfənə bürünmüş cəsələrin ətrafına toplanıb.

“Raket, təyyarədən raket bizi vurdu, sonra bir başqa raket,” didərgin düşən Ferial Delul deyib. “Biz bütün dünyanın tüstü və daşlarla büründüyünü gördük və biz insanlar və uşaqların kəsildiyini gördük…Biz nə etməliyik? Bizim bunların başımıza gəlməsində günahımız nədir?”

İsrail ordusu şənbə günü bildirib ki, HƏMAS-ın əvvəllər məktəb kimi “xidmət göstərən bir kompleksin içərisinə yerləşdirilən komanda və idarəetmə mərkəzi”ni vurub. O bildirib ki, mülki vətəndaşlara ziyanı məhdudlaşdırmaq üçün addımlar atılıb ki, buna dəqiq döyüş sursatlarından və havadan müşahidədən istifadə daxildir.

Qəzza nazirliyi beş işçisinin öldürüldüyünü bildirir

Bundan əlavə Qəzza Səhiyyə Nazirliyi şənbə günü bildirib ki, İsrailin nazirliyinin cənubdakı Musbah ərazisinəki anbarını vurması nəticəsində beş işçisi ölüb, beşi yaralanıb.

İsrail-HƏMAS müharibəsi başlayandan bəri İsrail ordusu hücumları və evakuasiya əmrləri səbəbilə evlərindən qovulmuş on minlərlə fələstinlinin sığındığı bir neçə məktəbə zərbələr endirib. BMT-nin məlumatlarına görə, münaqişə nəticəsində Qəzzada fələstinlilərin 90 faizi didərgin düşüb.

Ordu HƏMAS-ı Qəzzada mülki infrastruktur, o cümlədən məktəblər, BMT obyektləri və xəstəxanalardan fəaliyyət göstərməkdə ittiham edib.

HƏMAS ABŞ, Birləşmiş Krallıq, Aİ və başqaları tərəfindən terror qrupu kimi tanınıb.

İsrail HƏMAS-I hədəf alır, məktəblərə zərbə endirir

Məktəblərin və xəstəxanaların istifadəsi ilə bağlı mübahisəli narrativlər təxminən bir ildir davam edən münaqişənin mərkəzində yer alır.

Fələstinli səhiyyə rəsmilərinin bildirdiyinə görə, bu ayın əvvəlində İsrailin Nüseyrət qaçqın düşərgəsində məktəbə hava hücumu 14 nəfərin ölümü ilə nəticələnib. İsrail ordusu bildirib ki, məktəbin daxilində hücumlar planlaşdıran HƏMAS militantlarını hədəf alıb.

İyul ayında İsrail Deir əl-Bələhdə qızlar məktəbinə hadavan zərbə endirərək, orada sığınan ən azı 30 nəfərin ölümünə səbəb olub. İsrail ordusu bildirib ki, qoşunlarına qarşı birbaşa hücum etmək və “külli miqdarda silah”ın saxlanması üçün istifadə olunan HƏMAS-ın komanda mərkəzini hədəf alıb.

Müharibə HƏMAS-ın başçılıq etdiyi döyüşçülərin oktyabrın 7-də İsrailin cənubuna terror hücumu edərək əksəriyyəti mülki vətəndaşlar olmaq təxminən 1200 nəfəri öldürməsindən sonra başlayıb. Onlar 250 nəfəri qaçırıb və 100 nəfər hələ də girov saxlanılır. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada apardığı kampaniya nəticəsində ən azı 41 min fələstinli öldürülüb.