Hizbullah şənbə günü bildirib ki, İsrailin bir gün öncə qrupun Beyrutdakı istinadgahına hava hücumu nəticəsində ölən 16 döyüşçüsü arasında ikinci ən yüksək rütbəli komandiri də olub. Bu da Hizbullahın hərbi rəhbərliyinə vurulan zərbənin miqyasını vurğulayır.
İsrail cümə günü bildirib ki, Livan paytaxtının cənub hissəsinə hücum nəticəsində Hizbullahın elit Rədvan Qüvvəsinin başçısı İbrahim Aqil və bir neçə başqa komandiri ölüb.
Bu həftə Hizbullahın mövqelərində 37 nəfərin ölümünə səbəb olan rabitə cihazlarına sabotaj hücumlarından sonraya təsadüf edən bu hücum İranın dəstəklədiyi qrupun təhlükəsizlik tədbirləri ilə bağlı suallar doğurur və döyüşçülərin əhvalına böyük zərbə vurur.
Hizbullah həlak olan ikinci ən yüksək rütbəli komandirinin Əhməd Mahmud Vəhbi olduğunu bildirirərək, onun oktyabr ayında Qəzzada müharibə başlayandan bəri bu ilin əvvəlinə qədər qrupun İsrailə qarşı əməliyyatlarına başçılıq etdiyini deyib.
1983-cü ildə Beyrutda ABŞ səfirliyinin bombalanmasındakı iştirakına görə ABŞ tərəfindən axtarışda olan Aqilin ölümünü təsdiqləyən Hizbullah onu “ən yaxşı liderlərdən biri” adlandırıb.
AFP jurnalistləri deyib ki, cümə günü endirilən zərbə böyük krater yaradıb və çoxmərtəbəli binanın aşağı mərtəbələrini dağıdıb.
Bu, Qəzzada müharibə başlayandan bəri İsrailin Hizbullahın hərbi rəhbərliyinə ikinci zərbəsidir. İyul ayında İsrailin Beyruta hücumu nəticəsində hərəkatın yüksək vəzifəli əməliyyat rəhbəri Fuad Şükr öldürülüb.
Bundan öncə çərşənbə axşamı və çərşənbə günü Hizbullahın istifadə etdiyi peycer və radio cihazlara sabotaj hücumları nəticəsində 37 nəfər ölüb və bu, müharibənin genişlənəcəyinə dair narahtlıqları artırıb.
BMT Baş katibi Antonio Quttereşin sözçüsü Stefan Dujjarik təşkilatın “artan eskalasiyadan çox narahat” olduğunu deyib və bütün tərəfləri “maksimum təmkinə” çağırıb.
İsrail ordusu Aqilə qarşı “hədəfli hücum” həyata keçirdiyini bildirib. Hizbullaha yaxın mənbə hücum nəticəsində Rədvan Qüvvələrinin 16 üzvünün öldüyünü bildirib.
Mənbə Aqilin öldürüldüyü zaman “komandirlərlə görüşdə” olduğunu bildirib.
Birləşmiş Ştatlar Aqillə bağlı məlumat verənə 7 milyon dollar mükafat təklif etmişdi və onu 1983-cü ildə 63 nəfərin ölümü ilə nəticələnən səfirliyin bombalanmasının məsuliyyəti üzərinə götürən təşkilatın “əsas üzvü” adlandırmışdı.