ABŞ Konqresində Qarabağ erməniləri və Azərbaycanda insan haqlarına dair dinləmə keçirildi, rəsmi Bakı reaksiya verdi

ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası Azərbaycan hökumətinin etnik ermənilərə və hökumətə qarşı çıxan etnik azərbaycanlılara qarşı törətdiyi iddia edilən insan haqları pozuntularına dair dinləmə keçirib. Azərbaycan rəsmisi isə dinləmədə səsləndirilən fikirlərin ABŞ-Azərbaycan münasibətlərində gərginlik yaratmağa xidmət göstərdiyini bildirib.

Cümə axşamı təşkil olunan dinləməyə sədrlik edən ABŞ Konqresmeni və Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri Kris Smit ABŞ hökumətinin Azərbaycan hökumətinin törətdiyi “dəhşətli davamlı insan hüquqları pozuntuları”nı azaltmaq üçün daha çox addım atmalı olduğunu dedi.

O, dinləmədə əsas diqqətin “Azərbaycan hökumətinin etnik ermənilərə qarşı törətdiyi insan haqları pozuntularına yönələcəyini, eyni zamanda isə Əliyev diktaturasının altında əziyyət çəkən etnik azərbaycanlılardan” da bəhs ediləcəyini bildirdi.

Konqresmen Smit daha öncə tanınmış iqtisadçı Qubad İbadoğlunun azadlığa buraxılmasına çağırışlar etdiyini bildirdi.

“O, Azərbaycanda insan hüquqları və azadlığı təşviq etmək işinə görə həbs edilib və son 15 ayı ya ev dustaqlığında ya da həyata təhlükə yaradan həbsxana şəratində keçirib,” Smit dedi.

Kris Smit

Smit 2015-ci il daxil olmaqla iki il boyunca Bakıda prezident İlham Əliyevlə görüşərək, onunla insan hüquqları məsələsini müzakirə etdiyi dedi.

“Mən ona sivil, amma sərt bir şəkildə təzyiq göstərdim, amma heç bir nəticə əldə etmədik,” o bildirdi.

Smit İlham Əliyev hökumətini cavabdeh tutmaq üçün yeni qanun layihəsi irəli sürəcəyini bildirdi.

“Mən Prezident Əliyevi təsirli dəyişikliyə çağırıram. Hər kəs dəyişə bilər. O da dəyişməlidir. Dünyanın ən repressis hökumətlərindən birində yaşayan azərbaycanlılar üçün dəyişiklik. Və dərhal həbsxanalardan azad edilməli olan etnik ermənilər üçün dəyişiklik. Və bununla da o müharibəni qızışdırmaq əvəzinə dramatik bir barışıq jesti etməlidir,” Smit dedi.

Konqres üzvü Azərbaycan hökuməti tərəfindən saxlanılan “siyasi məhbuslar və hərbi əsirlərə görə dərindən narahat”, olduğunu dedi və həmçinin erməni mədəni irsləri qoruyub saxlamağın da son dərəcədə prioritet olduğunu əlavə etdi.

Smit etnik ermənilərin Qarabağda sülh və azadlıq şəraitində yaşamaq hüquqlarının olduğunu və ermənilərin sülh içində yaşamağa hazır olduqlarına işarə etdiklərini dedi.

Konqresmen daha sonra sözü Konqresmen Cim Kostaya verdi.

Cim Kosta bu dinləmənin Azərbaycan hökumətinin və onun prezidentinin fəaliyyəti nəticəsində illərdir baş verən qanun pozuntularını və ədalətsizlikləri işıqlandırmaq üçün bir fürsət olduğunu dedi.

“Azərbaycan hökuməti törətdiyi cinayətlərə, insan haqları pozuntularına görə cavabdeh tutulmalıdır. Bu pozuntulara məcburi köçkünlük, zorlama və insanların həyatına son qoyma yolu ilə etnik təmizləmə daxildir,” o dedi.

Kosta Dövlət katibi Blinkenin Ermənistan Baş naziri və Azərbaycan Prezidenti ilə söhbətlərinin olduğunu vurğulayaraq, sülhə aparan yolda hələ də həll edilməli əngəllərin olduğunu bildirdi.

“Mənim fikrimcə, ilk növbədə Azərbaycanı məsuliyyətə cəlb etmədən bunları həll etmək olmaz,” o dedi.

Son olaraq Minsk razılığına toxunan Konqresmen Kosta dedi ki, “Rusiya Ukraynaya hərbi müdaxiləsi ilə açıq şəkildə göstərir ki, onlara heç bir sülh prosesində etibar etmək olmaz.”

Konqrez üzvlərindən sonra panel iştirakçıları ifadə verdi.

İlk çıxış edən özünü sabiq “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumun insan hüquqları müdafiəçisi Geqam Stepanyan oldu.

Onun sözlərinə görə, Dağlıq Qarabağ sakinləri çox sayda problemlərlə üzləşir. O, bir neçə təklif irəli sürdü. “Artsaxdan (Dağlıq Qarabağ) məcburi köçkünlərə lazımi beynəlxalq dəstəyi təmin edin,” Stepanyan dedi, çünki, onun sözlərinə görə, Ermənistan Respublikasının məhdud resurslarla göstərdiyi dəstək kifayət deyil.

O həmçinin Azərbaycana qarşı hədəfli sanksiyaların tətbiq edilməsinə çağırdı. “Regionda sülhün bərqərar olması üçün Azərbaycanın cəzasızlığına son qoyulmalıdır,” o dedi. Onun sözərinə görə, cavabdehlik olmadan sülh əldə etmək mümkün deyil. Stepanyan həmçinin dedi ki, Azərbayanda saxlanılan hərbi əsirlər dərhal azadlığa buraxılmalıdır.

Daha sonra çıxış edən Caucasus Heritage Watch proqramının direktoru Adam Smit Azərbaycan ərazisində yerləşən erməni mədəni irs obyektlərinin ciddi təhlükə altında olduğunu dedi. “Caucasus Heritage Watch Azərbaycan hökumətinin erməni irsinə sıfır tolerantlıq siyasətini sənədləşdirib,” o söylədi.

“Dünya ictimaiyyəti irsin dağıdılmasından xəbərdar olmalıdır və istər Azərbaycan, istər Rusiya, istərsə də arxeoloji və tarixi abidələrin məhv edilməsi yolu ilə tarixi faktları yenidən yazmağa çalışan hər hansı bir dövlət üçün reputasiya bədəli olmalıdır,” o dedi.

Daha sonra Crude Accountability, insan hüquqları və ətraf mühit üzrə QHT-nin direktoru Keyt Votters çıxış edərək, noyabrda Bakıda keçiriləcək COP29-dan öncə ölkədəki insan haqları vəziyyətinə diqqət çəkdi. O, son bir il yarım ərzidə Azərbaycan hökumətinin müxalif olaraq gördüyü, hakimiyyətə qarşı hərəkət və çıxış edən vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə qarşı misli görünməmiş repressiyaya başladığını qeyd etdi. “Azərbaycan hökuməti susdurmaq istədiyi şəxsləri açıq-aşkar həbs edir, onlarla qarşı pis rəftar edir və uydurma ittihamlarla həbs olunanların hüquqlarını pozur,” o dedi.

Keyt Votters

Votters Azərbaycanın ixtiyari həbs edilməmək hüququnu tanıyan çoxsaylı beynəlxalq insan hüquqları müqavilələrini imzalamasına və Azərbaycanın öz Konstitusiyası və Cinayət Məcəlləsinin işgəncəni qadağan etməsinə rəğmən, ölkədə işgəncə və başqa pozuntularla bağlı çoxsaylı etibarlı iddiaların davam etdiyini bildirdi.

“Pis rəftarın əksəriyyəti məhbuslar polis nəzarətində ikən baş verir və burada hakimiyyət orqanları onları etiraflara məcbur etmək üçün dəfələrlə təhqiramiz üsullardan istifadə edir,” o dedi.

Votters Azərbaycanda həbs olunan iqtisadçı Qubad İbadoğlu, Abzas Media və Toplum TV jurnalistlərinin həbs edildiyinə diqqət çəkərək, yüzlərlə insanın haqsız yerə həbsdə olduğunu bildirdi.

Votters ABŞ hökumətinin Azərbaycanda insan haqları sahəsindəki ümumi vəziyyətdən tam məlumatlı olduğunu və Azərbaycanla əlaqələrində bunu əks etdirməli və rejimlə olan dialoqunda insan haqları məsələsini mərkəzdə tutmalı olduğunu dedi.

“Biz ABŞ Konqresindən Azərbaycanı insan haqlarının pozulmasına görə cavabdeh tutmağa çağırırıq. Biz istəyirik ki, COP 29-a qədər Konqres Azərbaycandan ixtirayi və haqsız yerə həbs edilən siyasi məhbusları, o cümlədən tibbi müalicəyə son dərəcə ehtiyacı olan Doktor İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməsini tələb etsin,” o dedi.

Həqiqət və Ədalət Mərkəzindən hüquqşünas Şarmaq Mardi isə mərkəzin Azərbaycanın Dağlıq Qarabağda “müharibə cinayətləri törətdiyinə dair faktlar topladığını və bu cinayətlərin qurbanlarından bəzilərinin dinləmə zalında” olduğunu qeyd etdi. Mardi Azərbaycan hakimiyyətinin “Dağlıq Qarabağ rəhbərliyinin üzvlərini, eləcə də mülki şəxsləri qanunsuz olaraq həbs” etdiyini dedi.

O, ABŞ hökumətini və beynəlxalq ictimaiyyəti qəti addımlar atmağa və Azərbaycanı “insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb etməyə” çağırdı.

Şarmaq Mardi

“Biz Birləşmiş Ştatlardan bütün erməni girov və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsini və Dağlıq Qarabağın yerli ermənilərinin öz evlərinə və torpaqlarına qayıtmaq hüququnu tələb etməyə çağırırıq,” o dedi.

Amerika Ermənilər Assambleyasının həmsədri Van Krikorian Komissiya üzvlərinə bir neçə tövsiyyələr irəli sürdü. İlk olaraq o, komissiyanı Azərbaycanın Dağlıq Qarabağda etnik təmizləmə apardığına dair bəyanat yaymağa çağırdı.

“Çox açıq şəkildə ermənilərin təkcə oradakı tarixi mövduluğuna geri dönmələrini deyil, həm də layiq olduqları azad mövcudluğunu tələb etməyə çağırırıq” o dedi.

Krikorian həmçinin Ermənistanla Azərbaycan sərhədinin müəyyən nöqtələrində Avropa İttifaqının müşahidəçilərinin yerləşdirilməsinə çağırdı.

Krikorian ABŞ-ın Azərbaycana hərbi yardımında böyük disbalans olduğunu dedi və bunun düzəldilməsinə çağırdı.

Dinləmədə şahid qismində ən son Freedom Now təşkilatının icraçı direktoru Andrea Praso çıxış etdi. O, öz çıxışında adlarının açıqlanmasını istəməyən azərbaycanlı hüquq müdafiəçilərinin ümumi bəyanatı oxudu. Praso hazırda Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğunu qeyd edərək, Ülvi Həsənli, Sevinq Vaqifqızı, Ələsəgr Məmmədli, Akif Qurbanov daxil olmaqla, son zamanlarda həbs edilən juunalist və fəalların adlarını sadaladı.

“Bu həbslər Azərbaycanın müstəqil jurnalistlərə qarşı davam etdirdiyi kampaniyanın növbəti mərhələsidir,” o dedi.

O dedi ki, Prezident Əliyevin Ermənistanla uzunmüddətli sülh sazişi imzalayacağına dair söz-söhbətlət fonunda bir neçə sülh fəalı həbs edilərək, dövlətə xəyanətdə ittiham olunub.

Andrea Praso

Praso bildirdi ki, bu repressiya dalğası başlayandan bəri ABŞ və onun Qərb tərəfdaşlarının Azərbaycana yanaşması daha sərt olsa da, hələ ki, bu hərəkətlər Əliyev rejiminə əngəl olmayıb.

O dedi ki, Azərbaycanı siyasi məhbusları azad etməyə məcbur etmək və vətəndaş cəmiyyəti üzərində nəzarəti yumşaltmaq üçün daha ciddi addımlar atılmalıdır.

“Buna hökumətdə insan haqlarını pozanlara qarşı məqsədyönlü sanksiyalar və müəyyən sahələrdəki xarici yardım üçün insan hüquqları sahəsində nəzərəçarpan irəliləyişləri şərt qoşmaq daxildir. Əks halda, daha çox dostumuzun həbs ediləcəyindən qorxuruq,” o dedi.

Azərbaycanın reaksiyası

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sentyabrın 19-da keçirilən dinləmə ilə bağlı deyib ki, “Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir”.

Ayxan Hacızadə bunu yerli medianın sualına cavabında bildirib.

“Təəssüf ki, ABŞ-ın milli təhlükəsizlik maraqlarından daha çox öz daxili mülahizələri və şəxsi mənfəətlərini rəhbər tutan ABŞ Konqresinin üzvləri tərəfindən təşkil edilən bu cür birtərəfli və qərəzli tədbirlər uzun müddətdir ki, ABŞ Konqresi üçün adi hal alıb,” o deyib.

Ayxan Hacızadə bildirib ki, “Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb.”

O bildirib ki, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna biləcəklərinə dair təminat verib.

Hacızadə deyib ki, dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirilən “iddiaların heç bir əsası yoxdur və bu kimi bəyanatları qətiyyətlə pisləyirik.”

XİN-inin mətbuat katibi həmçinin bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının ““Artsax” kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prinsip və prosedurların açıq şəkildə pozulması, habelə ABŞ-ın 80-242 (1947) saylı qanununa uyğun olaraq ABŞ-ın Coğrafi Adlar üzrə Şurası (BGN) tərəfindən təsdiq edilmiş ABŞ Hökuməti orqanları tərəfindən milli və xarici coğrafi adların istifadə standartlarının təhrif edilməsidir.”

O, bu cür tədbirlərin Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirdiyini deyərək, onların qarşısını almağa çağırıb.

Blinken və Əliyev Ermənistanla Azərbaycan arasında sülh məsələsini müzakirə edib

Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Dövlət Departamentinin yaydığı açıqlamaya əsasən, söhbətin diqqət mərkəzində Azərbaycanla Ermənistan arasında "dayanıqlı və şərəfli" sülhə doğru səylər olub.

“Dövlət katibi Blinken tərəflər arasında bu yaxınlarda əldə olunmuş proqresi, o cümlədən sərhəd delimitasiyası nizamlamaları üzrə razılaşmanı alqışlayıb,” açıqlamada bildirilir.

Dövlət Katibi həmçinin ilin sonuna yaxın keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu gedişatına Vaşinqtonun öhdəliyini və iki tərəfli münsaibətlərin önəmini vurğulayıb.

Azərbaycanın beynəlxalq insan haqları barədə öhdəliklərə riayət etməsi də söhbətin gündəmində yer alıb.

Aərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

“O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib”, məlumatda qeyd edilir.

Azərbaycan Prezidenti İlham Əliyev regionda artıq sülhün mövcud olduğunu deyib.

“Məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib. Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub”, Prezident Administrasiyasının məlumatında qeyd edilir.

Həmçinin bildirilir ki, Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Bundan öncə, sentyabrın 12-də ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.