Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 19-da Azərbaycandan göndərilmiş iki şikayət üzrə qərarını elan edib. Məhkəmə siyasi fəal Cabbar Savalanlının 2011-ci ildə həbsi zamanı onun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu qənatinə gəlib, digər bir işi isə qəbuledilməz hesab edib.
Savalanlı Azərbaycana qarşı məhkəmə işi siyasi fəal olan ərizəçinin 2011-ci ilin fevralında saxlanılması və həmin ilin may ayında Sumqayıt Şəhər Məhkəməsi tərəfindən narkotik ittihamı ilə həbs cəzasına məhkum edilməsi ilə bağlı idi.
Ona qarşı ittihamların uydurma olduğunu, narkotiki onun üzərinə polis əməkdaşlarının qoyduğunu israr edən Savalanlı, yerli məhkəmələrin bu məsələni gözardı etməsini əsas gətirərək AİHM qarşısında ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna dair iddia qaldırmışdı.
Avropa Məhkəməsi bu işdə ərizəçinin iddialarını əsaslı hesab edib və Avropa İnsan Hüquqları Konvensiyasının 6.1-ci maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu tanıyıb.
Məhkəmə müəyyən edib ki, polis ərizəçini saxladıqdan bir gün sonra sənədləşmə aparıb, onun üzərində axtarış saxlanıldıqdan dərhal sonra yox, təxminən yarım saat sonra aparılıb və lazımi vaxtda vəkillə təmin edilməyib. Ərizəçi bütün bu sualları məhkəmə önündə qaldırsa da yerli məhkəmələr bu suallara aydınlıq gətirməyib.
Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərclərə görə ümumilikdə 4500 avro təzminat ödəməlidir.
Məhkəmənin elan etdiyi digər bir qərar isə Media Hüquqları İnstitutunun hakimiyyət orqanlarına göndərdiyi informasiya sorğusuna cavab verilməməsi ilə bağlı şikayəti üzrə olub. Məhkəmə bu işin qəbuledilməz olduğunu açıqlayıb.