Bakıda qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyi ilə bağlı forum keçirilib

Bakıda qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyi ilə bağlı forum (Mənbə: Dövlət Təhlükəsizliyi Xidməti)

Sentyabrın 15-də Bakı şəhərində “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib.

Bu barədə sentyabrın 17-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

DTX-nin təşkilatçılığı ilə keçirilən forumda 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edib.

DTX-nin rəisi Əli Nağıyev Bakı Təhlükəsizlik Forumunun tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Əli Nağıyev (Mənbə: Dövlət Təhlükəsizliyi Xidməti)

Nağıyev həmçinin beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsinin vacibliyini qeyd edib.

DTX-nin məlumatında deyilir ki, Əli Nağıyev enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyindən danışıb.

Sülhəddin Əkbər

Milli siyasət məsələləri üzrə təhlilçi Sülhəddin Əkbər Amerikanın Səsinə bildirib ki, yeni dünya nizamı quruculuğu həlledici mərhələyə daxil olub və bununla bağlı geopolitik savaşlar gedir.

“Hazırda söhbət qlobal savaşın geoekonomik əsasından gedir. Konkret olaraq söhbət ticarət yollarına nəzarətdən gedir. Yəni yeni ticarət yolları açılır. Azərbaycan da Avrasiyanı əhatə edən əsas ticarət yollarının kəsişməsində yerləşir. Həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycanın ərazisindən keçir. Bunun həm də obyektiv səbəbləri var. Çünki Rusiya və İran kollektiv qərbin və ABŞ-ın sanksiyaları altındadır. Bu səbəbdən Rusiya və İrandan yan keçən yollar Azərbaycandan keçmək zorundadır”, o qeyd edib.

Təhlilçinin fikrincə, Azərbaycan qlobal nəqliyyat kəsişməsində yerləşdiyinə görə təbii ki, qlobal təhlükəsizlikdə maraqlıdır.

“Azərbaycanın qlobal təhlükəsizlik baxımından resursları yetərli olmadığına görə qlobal və regional oyunçuları təhlükəsizlik məsələləri ilə bağlı proseslərəə cəlb etmək istəyir”, o qeyd edib.