Husilər İsrailə hava zərbəsi endirib, Netanyahu qisas alacağına söz verib

Hərbi qüvvələrin Yəməndən atılan və İsrailin mərkəzinə düşən raketi ələ keçirdiklərini bildirməsindən sonra polis zabiti yanğın ətrafındakı əraziyə baxış keçirir, 15 sentyabr 2024.

Bazar günü Yəməndə husi üsyançılarının İsrailə raket hücumu etməsi və İsrailin baş naziri Benyamin Netanyahunun tez bir zamanda qisas alacağına söz verməsi ilə Yaxın Şərqdə yeni gərginlik yaranıb.

Raket İsrailin mərkəzində açıq əraziyə düşüb və Tel-Əviv yaxınlığındakı Ben Qurion beynəlxalq hava limanında hava hücumu sirenlərinin işə düşməsinə səbəb olub. İsrail mediası insan tələfatı və ya böyük dağıntılar barədə məlumat olmasa da, sığınacaqlara qaçan insanların görüntülərini nümayiş etdirib. Hava limanının rəsmiləri qısa müddətdən sonra normal fəaliyyətlərin bərpa olunduğunu bildiriblər.

Netanyahu Nazirlər Kabinetinin iclasının əvvəlində deyib: “Bu səhər husilər Yəməndən ərazimizə yer-yer tipli raketi atıblar. Onlar artıq bilməli idilər ki, bizə zərər vurmaq cəhdinə görə ağır bədəl olacaq”.

“Bu məsələdə xatırlatmağa ehtiyacı olanlar Hudeyda limanını ziyarət etməyə dəvət olunur”, Netanyahu husilərin Təl-Əvivdə bir mülki şəxsin ölümünə və digər 10 nəfərin yaralanmasına səbəb olan dron hücumuna görə məsuliyyəti öz üzərinə götürməsindən sonra İsrailin döyüş təyyarələrinin iyul ayında Yəmənin Qırmızı dəniz sahilindəki şəhərini bombaladığını xatırladaraq deyib.

Yəməndə husi üsyançıları keçən ilin oktyabrında Qəzza zolağında İsrail-HƏMAS müharibəsi başlayandan bəri dəfələrlə İsrailə dronlar və raketlər atıb, lakin onların demək olar ki, hamısı Qırmızı dəniz üzərində ələ keçirilib.

Son hücum zamanı üsyançıların hərbi sözçüsü, briqada generalı Yəhya Sari bildirib ki, onlar Təl-Əvivin bir hissəsi olan Yaffada “hərbi hədəfə” ballistik raket atıblar.

Husilər Yaxın Şərqdə HƏMAS-ın keçən il oktyabrın 7-də İsrailin cənubuna 1200 nəfərin ölümü və 250 girov götürülməsi ilə nəticələnən hücumunun səbəb olduğu münaqişəyə cəlb olunmuş, İran tərəfindən dəstəklənən bir neçə qrupdan biridir.

İsrailin Qəzza zolağında həyata keçirdiyi əks-hücum nəticəsində 41 mindən çox fələstinli həlak olub. İsrailin məlumatına görə, ölənlərin sayına bir neçə min militant daxildir.

İsrailin şimalında isə Livanda İranın dəstəklədiyi Hizbullah hərəkatı İsrail qüvvələri ilə müntəzəm olaraq sərhədyanı atəş mübadiləsi apararaq, müharibənin daha geniş münaqişəyə çevrilmək təhlükəsi yaradır. İsrail hərbi qüvvələri bazar günü səhər Livandan İsrailin Yuxarı Qalileya bölgəsi və ilhaq edilmiş Colan təpələri istiqamətində 40-a yaxın mərmi atıldığını bildirib.

Netanyahu bazar günü on minlərlə insanın didərgin düşdüyü İsrail-Livan sərhədində mövcud vəziyyətin dayanıqlı olmadığını bildirib.

“Bu vəziyyət davam edə bilməz. Sakinlərimizin sağ-salamat evlərinə qayıtması üçün nə lazımdırsa edəcəyik”, o deyib.

“Biz İranın bizi məhv etməyə çalışan şər oxuna qarşı çoxşaxəli kampaniya aparırıq”, Netanyahu bildirib.

Netanyahu şimalda sakinlər və rəsmilərlə görüşünü belə təsvir edib: “Mən sıxıntılar barədə eşidirəm, fəryadlar eşidirəm”.

“Status-kvo davam etməyəcək. Bu, bizim şimal sərhədimizdə qüvvələr balansında dəyişiklik tələb edir”, o deyib.

Hizbullah Qəzzada atəşkəs olacağı təqdirdə hücumlarını dayandıracağını bildirib. Birləşmiş Ştatlar və ərəb vasitəçiləri Misir və Qətər bu ilin çox hissəsini atəşkəs və HƏMAS tərəfindən saxlanılan onlarla girovun azad edilməsi üçün vasitəçilik etməyə çalışsalar da, danışıqlar dəfələrlə dalana dirənib.

HƏMAS ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və digər Qərb ölkələri tərəfindən terror qruplaşması elan edilib.