Bəhruz Səmədovun apellyasiya şikayəti təmin olunmadı

Bəhruz Səmədov

Sentyabrın 11-də Bakı Apellyasiya məhkəməsi siyasi tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun evində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış aparılmasının qanunsuz hesab edilməsinə dair verilmiş şikayətlə bağlı Səbail Rayon Məhkəməsinin 5 sentyabr tarixli qərarını qüvvədə saxlayıb

Bu barədə onun vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.

Vəkil deyib ki, Bəhruz Səmədovun evində məhkəmə qərarı olmadan axtarış aparılıb, müdafiə tərəfi isə bunu qanunsuz hesab edir və bununla bağlı məhkəməyə şikayət edib.

Lakin məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etmək üçün həbs və qanunsuz axtarışla bağlı şikayət hazırlayır.

Siyasi tədqiqatçı avqustun 21-də həbs olunub. Avqustun 23-də isə Səbail Rayon Məhkəməsi Bəhruz Səmədov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bəhruz Səmədovun məqalələri "OC Media" və "Bakı Araşdırmalar İnstitutu" kimi saytlarda dərc edilib. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır, elə həbsinin səbəbini də bunda görür.

Siyasi tədqiqatçı Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Səmədov poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.