Ekspertlər ABŞ-ın Rusiyanın dezinformasiyasına qarşı addımlarını alqışlayır

ABŞ-ın Ədliyyə Nazirliyi sentyabrın 4-də iki Rusiya vətəndaşı 31 yaşlı Konstantin Kalaşnikov və 27 yaşlı Yelena Afanasyevanı xarici agent kimi qeydiyyatdan keçməməkdə və pulyuma əməliyyatında ittiham edib.

“Ədliyyə Nazirliyi Rusiya dövlətinin nəzarətində olan media orqanı RT-nin iki əməkdaşını Rusiya hökumətinin gizli mesajları ilə ABŞ auditoriyası üçün məzmun yaratmaq və yaymaq üçün 10 milyon dollarlıq planda ittiham edib. Ədliyyə Nazirliyi avtoritar rejimin öz təbliğat səylərini gizli şəkildə davam etdirmək üçün ölkəmizin azad fikir mübadiləsindən istifadə etmək cəhdlərinə dözməyəcək və bu məsələ ilə bağlı araşdırmamız davam edir” - deyə, ABŞ baş prokuroru Merrik Qarland bildirib.

Xarici agent registrasiya qaydalarının pozulmasına görə maksimum beş illik həbs cəzası nəzərdə tutulur. Əgər onlar pulyuma maddələri üzrə məhkum edilsə, hər birinə 20 il həbs cəzası düşür.

Həmin gün Ədliyyə Nazirliyi Rusiya hökuməti tərəfindən idarə olunan “Doppelganger” zərərli təsir kampaniyasında istifadə edilən 32 internet domeninin ələ keçirildiyini və bunun ABŞ-ın çirkli pulların yuyulması və ticarət nişanı qanunlarını pozduğunu bildirib.

Dezinformasiyanı araşdıran ekspertlər deyir ki, pullu təsir kampaniyasının pozulması Kremlin Ukraynaya dəstəyi zəiflədən və Amerikanın siyasi parçalanmasına səbəb olan təbliğat dezinformasiyası strategiyasına qarşı mübarizədə mühüm addımdır.

Atlantik Şurasının Dezinformasiya Tədqiqat Laboratoriyasının tədqiqatçıları Roman Osadçuk və Eto Buziaşvili yazır: "Nüfuzlu xəbər saytları olduqlarını göstərən və onların məzmununu koordinasiyalı şəkildə tanıtmaq üçün davamlı təbliğat nəzərəçarpacaq təsirə malik ola bilər".

Federal Təhqiqatlar Bürosunun verdiyi məlumata görə, Rusiyanın “Doppelganger” kampaniyası qanuni media saytlarının təqlidi olan domenlər, saxta sosial media profilləri yaradıb və bütün dünyada “nüfuzlu” yerləşdirib.

Atlantik Şurasının tədqiqatçılarının fikrincə, "Doppelganger" ilə məşğul olanların istifadə etdiyi əsas üsul siyasətçilərin, məşhurların, nüfuzlu insanların və böyük auditoriyaya malik başqalarının yazılarına cavab olaraq X və digər sosial media platformalarında saxta xəbər saytlarına keçidlər yerləşdirməkdir.

Osadçuk Amerikanın Səsinə deyib ki, Federal Təhqiqat Bürosunun tədbirləri Rusiyanın təsir fəaliyyətlərini dayandıra bilməsə də, bu tədbirləri daha da bahalaşdıracaq O qeyd edib ki, Rusiyanın təsir kampaniyasında iştirak edənlər “skriptləri yenidən yazmağa, əməliyyatın infrastrukturunu dəyişdirməyə və s.” məcburiyyətində qalacaqlar.

Osadçukun sözlərinə görə, ABŞ hökumətinin təsir kampaniyasında iştirak edənlərə qarşı ABŞ və beynəlxalq mediada geniş işıqlandırılan addımları daha geniş auditoriyanı maarifləndirəcək.

Vaşinqtonun araşdırma mərkəzi Alman Marşal Fondunun himayəsi altında yaradılan Demokratiyanın Təminatı Alyansının dezinformasiya üzrə tədqiqatçısı Bret Şafer Amerikanın Səsinə bildirib ki, Rusiya ABŞ-ın məzmun yaratma şirkətini maliyyələşdirərək, bir çox sosial şəbəkə yarada bilib. O, geniş auditoriyaya malik olan informasiya kanalı vasitəsi ilə mart ayında Moskva konsert zalında törədilən terror aktında ABŞ və Ukraynanı ittiham etmək kimi mesajlar üçün istifadə edə bilərdi.

Hücumun məsuliyyətini İslam Dövləti üzərinə götürüb.

Rusiyanın bu informasiya kanalının bağlanması təsir gücünə malik olanlar və məzmun yaradıcılarına “işlərini maliyyələşdirən insanlar haqqında lazımi araşdırma aparmaq və bu şirkətlərin və onların motivlərinin arxasında kimin dayandığını anlamağa çalışmaq” üçün güclü bir mesajdır.

Vaşinqtonda yerləşən Avropa Siyasət Təhlili Mərkəzi ilə əlaqəli dezinformasiya tədqiqatçısı Ben Dubov hesab edir ki, Tenet Media ilə müqavilə bağlayanların mövcud izləyicilərini itirmək ehtimalı azdır, lakin onlar yeni izləyiciləri cəlb etməkdə çətinlik çəkə bilərlər.

“Ümid edirəm ki, başqa cür həmin təsir gücünə malik olanları araşdıra biləcək insanlar indi onların adlarını tanıyacaq və onların etibarsız olduğunu başa düşəcəklər”, o, Amerikanın Səsinə bildirib.