Təbrizdə transgender yeniyetmənin qatili 6 aydan sonra azadlığa buraxılıb

Təbriz, Şərqi Azərbaycan Həbsxanaları İdarəsi

Təbrizdə yanvar ayında transgender övladını öldürən və ilkin olaraq 3 il həbs cəzası alan ata 6 ay sonra məhkəmə qərarı ilə azadlığa buraxılıb.

Rokna xəbər portalının verdiyi məlumata görə, Təbriz Cinayət Məhkəməsinin 117 saylı şöbəsinin hakimi qatilin azadlığa çıxmasına qərar verib və onu Təbrizin Mərkəzi Həbsxanasından azad edib.

İlk olaraq 3 il müddətinə həbs cəzası verilən atanın əvvəlcə cəzası 1 ilə, bundan sonra 6 aya endirilib və daha sonra isə o tamamilə sərbəst buraxılıb.

Parsa adlı transgender yeniyetmənin atası tərəfindən Təbrizin ətraf bölgələrinə aparılaraq qətlə yetirildiyi bildirilmişdi.

SEE ALSO: Təbrizdə transgender yeniyetmə atası tərəfindən qətlə yetirilib

Məhkəmənin çıxardığı qərar sosial mediada etirazlara səbəb olub. LGBT hüquq müdafiəçiləri İran məhkəməsinin qətl hadisəsinə görə yüngül cəza verməsini LGBT icmasına qarşı ayrı-seçkilik kimi qiymətləndiriblər.

İran məhkəmə sistemi LGBT fərdlərə qarşı kəskin yanaşma sərgiləyir. İran İslam Respublikasının qanunları İslam şəriətinə əsaslanaraq eynicinsli münasibətləri cinayət sayır və buna görə ağır cəzalar nəzərdə tutur. Bu səbəbdən ölkədəki LGBT icması həm hüquqi sanksiyalarla, həm də geniş yayılmış ayrı-seçkilik və insan hüquqlarının pozulması ilə üzləşir.

SEE ALSO: İranda yeniyetmə qız namus cinayətinin qurbanı olub

İranda namus cinayəti ilə mühakimə olunan valideynlər çox vaxt məhkəmə sistemi tərəfindən yüngül cəzalar alır. Bu hallarda məhkəmələr ailə dəyərləri və ənənəvi inancları nəzərə alaraq, cinayətkarların cəzasını azaldır. İran hüquq sistemi İslam şəriətinə əsaslandığından bu kimi cinayətlər bəzi hallarda daha yumşaq qiymətləndirilir.