Rusiya hərbi qüvvələri çərşənbə axşamı bildirib ki, gecə Rusiyanın qərbindəki bölgələri hədəf alan hücumlarda Ukraynanın 144 dronunu məhv edib.
Hava hücumundan müdafiə sistemləri Moskva bölgəsi üzərində 20 dron vurub. Qubernator Andrey Vorobyov deyib ki, dronlar Lyubertsı və Ramenskoyeda yaşayış binalarına və evlərə ziyan vurub.
Vorobyov Telegramda yazıb ki, hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Ən çox dron Rusiya-Ukrayna sərhədində yerləşən Bryansk regionu üzərində vurulub, ancaq rəsmilər orada heç bir ziyanın dəymədiyini, ölən və yaralanan olmadığını bildirib.
Rusiyanın hava hücumundan müdafiə sistemləri həmçinin Kursk, Tula, Belqorod, Kaluqa, Voronej, Lipetsk və Oryol regionları üzərində Ukrayna dronlarını vurub. Həmin ərazilərin əksəriyyətində qubernatorlar Telegramda ölənlərin olmadığını bildirib.
Rusiya Ukraynaya ən son hava hücumlarında dronlardan istifadə edərək, Kyiv regionunu hədəf alıb. Bölgə bu ay dəfələrlə hücuma məruz qalıb.
Kyivin hərbi administrasiyasının başçısı Serhiy Popko Telegramda deyib ki, çərşənbə günü hava hücumu ilə bağlı xəbərdarlıq sirenaları iki saat davam edib, ancaq Ukraynanın hava hücumundan müdafiə sistemləri paytaxta yönləndirilən Rusiya dronlarının hamısını vurub.