Bakı metrosuna qraffiti çəkən xarici vətəndaşlara hökm oxunub

"Bakmil" metro stansiyasında çəkilən qraffiti

Bu ilin aprel ayında "Bakmil" metrostansiyasında qraffiti çəkdiyi üçün həbs olunan Fransa vətəndaşı Klerk Teqo Hüqo, Avstraliya vətəndaşı P.Han Paul və Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quentiyə hökm oxunub. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Onlar sentyabrın 10-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə – ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli biliniblər.

"Məhkəmə metronun üzərinə qraffiti rəsmi çəkilməsini, heç bir mənfi məna kəsb etməyən rəsmləri xuliqanlıq və ağır nəticələrə səbəb özgə əmlakını zədələmə (ağır nəticə kimi də qatarın xəttən çıxarılmasını yazıblar) kimi qiymətləndirdi. Fransa vətəndaşını 3 il azadlıqdan məhrum etmə cəzası ilə, digərlərini isə 6 min 800 manat cərimə cəzası ilə cəzalandırdı. Halbuki, zərər də tam ödənilmişdi və ilk dəfə idi ki, zərərin içərisinə əldən çıxmış fayda, yəni qatarın işləmədiyi vaxta görə əldə ediləcək gəlir də, zərərə əlavə edilmişdi. Buna baxmayaraq, zərər tam ödənilmişdi. Təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hallar içində milliyyətlərindən başqa heç bir fərq yox idi", deyə Sadıqov bildirib.

1986-cı il təvəllüdlü qraffiti rəssamı Klerk Teqo Hüqo barəsində həbs qətimkan tədbiri, digər iki nəfər – 1994-cü il təvəllüdlü İsmael De Saint Quenti və əslən Cənubi Koreyadan olan, 1992-ci il təvəllüdlü P.Han Paul barəsində isə başqa yerə getməmək qətimkan tədbiri seçilmişdi.

Xarici vətəndaşlar isə özlərini təqsirli bilmirlər. Onlar məhkəmədə bildirib ki, üç dost olaraq, müxtəlif ölkələrə səyahət edirlər, başqa yerlərdə də qraffiti ilə məşğul olublar. Düşünməyiblər ki, Azərbaycanda vaqonun üstündə rəsm çəkməyə görə xuliqanlıqda ittiham edilib, cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Klerk Teqo Hüqo bildirib ki, o, cinayət törətməyib və zərər vurmaq niyyəti də olmayıb. O hesab edir ki, Azərbaycan Fransa ilə münasibətlərdəki gərginliyə görə onu cəzalandırır.

"Fransa ilə münasibətlərə görə məni cəzalandırmaq düzgün deyil axı. Mən adi turist kimi dostlarımla buranı gəzməyə gəlmişdim. Mən Fransanı təmsil etmirəm. Sadəcə, Qafqaz ölkələrindən Azərbaycanda olmamışdıq, ona görə bura gəldik", o deyib.

Martın 30-da məhkəmə qərarı ilə inzibati qaydada cəzalandırılmalarına baxmayaraq, sonradan eyni əmələ görə onların haqqında cinayət işi başlanıb.

Hüqo martın 28-də qraffiti çəkdiyi üçün Yasamal Rayon Məhkəməsi tərəfindən 4 min 600 manat cərimə edilmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək zərərin məbləğini 11 min 600 manata qaldırıb.

Aprelin 2-də Yasamal Rayon Məhkəməsi Hüqo haqqında 3 ay həbs qətimkan qərarı çıxarıb. Onunla birgə saxlanılan Avstraliya vətəndaşı P.Han Paul və Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent də eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunub. Lakin istintaq dövrü üçün onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Onlar sərbəst buraxılıblar və hazırda onların polisin nəzarətində olduğu deyilir.

İyunun 11-də rəssam Azərbaycan Prezidenti İlham Əliyevə və I Vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

"Mən siyasi şəxs deyiləm, humanist və sülhsevər insanam. Mən heç vaxt zorakılıq etməmişəm və heç kimə zərər verməmişəm. Mən narkotik istifadə etmirəm və alkoqol istifadəçisi də deyiləm. Mən cinayətkar deyiləm, sadəcə, sənətkaram. Artıq iki aydır ki, həbsdəyəm, ailəm bu vəziyyətdən çox əziyyət çəkir və bu da məni məhv edir", Klerk Teqo Hüqo müraciətində yazıb.