ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycanın bu ilin noyabrın 11-də keçirməyi planlaşdırdığı Birləşmiş Millətlər Təşkiatının İqlim Dəyişikliyi Konfransı (COP29) öncəsi bəyanat yayıb.
Bəyanatda COP29 kimi əhəmiyyətli beynəlxalq konfransın təşkili ev sahibi üzərinə ölkədə problemlərin açıq müzakirəsinə şərait yaradılması kimi məsuliyyət və gözlənti qoyduğu və Azərbaycanın bunu etmədiyi deyilir:
“Əgər Azərbaycan Avro-Atlantik icma ilə möhkəm münasibətlər yaradılmasını istəyirsə, biz Prezident Əliyevi onun hökuməti tərəfindən ədalətsiz şəkildə həbs edilmiş insanları azad etməyə çağırırıq. Bura erməni məhbuslar, o cümlədən pis əmək şəraiti və Çovdar qızıl yatağında əməliyyatların ətraf mühitə zərəri ilə bağlı dinc etirazlar etmiş icma fəalları daxildir.”
Azərbaycanın beynəlxalq icmanın əhəmiyyətli üzvü və Birləşmiş Ştatların vacib tərəfdaşı olmaq potensialı olduğu qeyd edilən bəyanatda əlavə edilir ki, bunun üçün ölkə sabiq millət vəkili Nazim Bəydəmirli, iqtsadçılar Qubad İbadoğlu və Fərid Mehralızadə, vətəndaş cəmiyyəti üzvləri və fəallar Bəxtiyar Hacıyev, İlhamiz Quliyev, Anar Məmmədli və Tofiq Yaqublu, jurnalistlər Ülvi Həsənli, Məhəmməd Kelalov, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Əziz Orucov və Ələsgər Məmmədlini azad etməlidir.
“Noyabrda keçiriləcək COP29 öncəsi mən Azərbaycan hökumətini insan hüquqları ilə bağlı öhədliklərinə sadiq qaldığını nümayiş etdirməyə və adı qeyd edilən fərdlərin yubadılmadan azad edilməsinə çağırıram.”