Netanyahu müharibə 12-ci aya keçərkən HƏMAS-a qarşı mübarizəni davam etdirəcəyini vəd edib

Fələstinlilər Qəzza zolağının cənubunda Xan Yunisdə İsrailin zərbələri nəticəsində dağılan evlərinin yanından keçir, 4 sentyabr 2024.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü münaqişənin 12-ci aya daxil olduğu vaxt Qəzza zolağında HƏMAS militantlarına qarşı müharibəni davam etdirəcəyini vəd edərək, ölkəsinin “İranın şər oxunun başçılıq etdiyi ölümcül ideologiya ilə əhatə olunduğunu” deyib.

İsrail lideri yüksək səviyyəli hökumət rəsmilərinin iştirak etdiyi həftəlik iclasda çıxış edərək, İordan çayının Qərb sahili ilə İordaniya arasındakı Allenbi keçidində silahlı şəxsin üç israillinin ölümünə səbəb olan hücumunu pisləyib.

İsrail təhlükəsizlik qüvvələri cavab atəşi açaraq hücum edən şəxsi öldürüb.

Qəzza zolağında isə İsrailin hava hücumu nəticəsində iki qadın, iki uşaq və yüksək səviyyəli mülki müdafiə məmuru daxil olmaqla beş nəfər həlak olub.

Son günlər Netanyahunun HƏMAS-a qarşı 11 aydır davam edən müharibəni idarə etməsi, eləcə də militantlarla atəşkəsə və ABŞ-ın terror qruplaşması kimi tanıdığı qrupun saxladığı qalan 100-ə yaxın girovun geri qaytarılmasına nail ola bilməməsi ilə bağlı geniş küçə etirazları keçirilib.

Lakin Netanyahu digər İsrail liderlərinə deyib ki, “İsrail vətəndaşlarının böyük əksəriyyəti bilir ki, biz müharibənin məqsədlərinə çatmağa tam sadiqik. Bunlar HƏMAS-ı məhv etmək, bütün girovlarımızı geri qaytarmaq, Qəzzanın bir daha İsrailə heç vaxt təhlükə yaratmamasını təmin etmək və şimalda və cənubda yaşayan sakinlərimizi təhlükəsiz şəkildə evlərinə qaytarmaqdır”.

İsrail hərbi qüvvələri bildirib ki, silahlı şəxs yük maşını ilə İordaniya tərəfdən Allenbi körpü keçidinə yaxınlaşıb və atışma zamanı hücumçunu öldürən İsrail təhlükəsizlik qüvvələrinə atəş açıb.

İsrail hərbi qüvvələri ölən üç nəfərin İsrail vətəndaşları olduğunu və onların hamısının 50 yaşlarında kişilər olduqlarını bildirib.

İordaniyanın Petra dövlət xəbər agentliyinin verdiyi məlumata görə, atışma ilə bağlı araşdırma aparılır. Qərbin müttəfiqi olan ərəb ölkəsi 1994-cü ildə İsraillə sülh bağlasa da, İsrailin fələstinlilərə qarşı siyasətini ciddi şəkildə tənqid edir.

Böyük sayda fələstinli əhalisi olan İordaniyada Qəzzada müharibə ilə əlaqədar olaraq İsrailə qarşı kütləvi etirazlar keçirilib.

İordan çayı üzərində Kral Hüseyn körpüsü kimi tanınan Allenbi keçidindən əsas etibarilə israillilər, fələstinlilər və beynəlxalq turistlər istifadə edirlər. İsrail və İordaniya rəsmiləri keçidin növbəti xəbərdarlıq edilənə qədər bağlı olduğunu bildirib, İsrail isə daha sonra şimalda Beyt Şean və cənubda Eilat yaxınlığında İordaniya ilə quru keçidlərinin hər ikisini bağladığını elan edib.

HƏMAS-ın oktyabrın 7-də Qəzzadan İsrailə qarşı hücumunun səbəb olduğu müharibənin başlamasından sonra İsrailin işğal etdiyi İordan çayının Qərb sahilində zorakılıqlar artıb. İsrail tərəfindən demək olar hər gün fələstinlilərin sıx yaşadığı məntəqələrdə hərbi həbs reydləri həyata keçirilir. Bununla yanaşı, yaşayış məntəqələrində məskunlaşanlara qarşı zorakılıqlar və fələstinlilərin israillilərə qarşı hücumlarının artdığı müşahidə edilir.

HƏMAS-ın idarə etdiyi hökumətin nəzdində fəaliyyət göstərən Mülki Müdafiə qrupu İsrailin bazar günü hava hücumunun Qəzzanın şimalı üzrə direktor müavini Məhəmməd Mursinin Cəbəliyə qaçqın düşərgəsindəki evini hədəf aldığını bildirib.

İsrail hərbi qüvvələri tərəfindən dərhal şərh verilməyib. Hərbi qüvvələr dinc əhaliyə zərər verməməyə çalışdığını və yalnız militantları hədəf aldığını bildirir.

Müharibə HƏMAS-ın keçən il oktyabrın 7-də İsrailin cənubuna 1200-ə yaxın insanın ölümünə və 250-yə yaxın girovun əsir düşməsinə səbəb olan hücumundan sonra başlayıb.

İsrailin cavab hücumu nəticəsində HƏMAS-ın nəzarətində olan Qəzzanın səhiyyə nazirliyinin bildirdiyinə görə, əksəriyyəti qadınlar və uşaqlar olmaqla 40 mindən çox fələstinli həlak olub. İsrail hərbi qüvvələri ölənlərin sayına bir neçə min militantın daxil olduğunu bildirir.

Birləşmiş Ştatlar, Qətər və Misir aylardır atəşkəsə nail olunması və girovların qaytarılması üçün vasitəçilik edib, lakin danışıqlar dəfələrlə dalana dirənib.