Ukraynanın regional rəsmilərinin bildirdiyinə görə, Rusiyanın keçən həftə Ukraynanın mərkəzində Poltava şəhərinə endirdiyi hava zərbəsi nəticəsində yaralanan 3 nəfər aldığı xəsarətlərdən ölüb, bununla ölənlərin sayı 58-ə çatıb.
“Təəssüf ki, sentyabrın 3-də Rusiyanın Poltavaya endirdiyi zərbələr nəticəsində yaralanan daha üç nəfər xəstəxanada dünyasını dəyişib. Hazırda ölənlərin sayı 58 nəfərdir”, Poltava vilayətinin hərbi idarəsinin rəhbəri Filip Pronin Telegram kanalında yazıb.
Raket zərbəsi çərşənbə axşamı Poltava Hərbi Rabitə İnstitutuna endirilib. Ukrayna rəsmiləri ölənlərdən neçəsinin hərbçi, neçəsinin isə mülki şəxs olduğunu dəqiqləşdirməyib.
Hücum zamanı 300-dən çox insan yaralanıb.
Rusiyanın hava zərbəsi Kyivin müttəfiqləri tərəfindən geniş şəkildə qınanılıb. Ukrayna prezidenti Volodimir Zelenski Qərbi yenidən ölkəsini daha çox hava hücumundan müdafiə sistemi ilə təmin etməyə çağırıb.
Zelenski sentyabrın 3-də Poltavada Hərbi Rabitə İnstitutuna hücum nəticəsində ölənlərin sayının 55 nəfərə çatdığını, 328 nəfərin yaralandığını, o cümlədən “amputasiya və daxili orqanların zədələnməsi kimi ağır xəsarətlər” olduğunu bildirmişdi.
ABŞ hadisəni “Rusiya prezidenti Vladimir Putinin qəddarlığının daha bir dəhşətli xatırlatması” kimi qiymətləndirib.
Zelenski hadisənin hərtərəfli araşdırılması haqda göstəriş verib.