ABŞ “Ramştayn” görüşündə Ukraynaya 250 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib. Yeni yardım paketinə aşağıdakılar daxildir:
- döyüş sursatı, o cümlədən HIMARS üçün;
- Javelin və AT-4 tank əleyhinə sistemlər;
- Bradley piyada döyüş maşınları;
- M113 zirehli şəxsi heyət daşıyıcıları;
- MRAP – minaya davamlı pusqudan qorunan avtomobillər;
- patrul qayıqları;
- dəniz təlimi avadanlığı;
- maneələrin sökülməsi üçün sursat və avadanlıqlar;
- ehtiyat hissələri və digər köməkçi avadanlıqlar.
Bütün bunlar birbaşa ABŞ hərbi anbarlarından köçürüləcək. Yardım paketinə həmçinin nəqliyyat, texniki xidmət və təlim xərcləri daxildir.
Mayın ortalarında Ukrayna prezidenti Volodimir Zelenski AFP-yə müsahibəsində ölkənin ehtiyac duyduğu hava hücumundan müdafiə sistemlərinin yalnız dörddə birinə sahib olduğunu bildirib.
Zelenski həmçinin bir neçə dəfə Qərb ölkələrinin Rusiya ərazisinə hücum etmək üçün silahlarından istifadəni məhdudlaşdırmasını tənqid edib. Bundan sonra Kyivin bir çox tərəfdaş ölkələri Ukraynaya keçirdikləri silahlarla Rusiya ərazisini vurmağın əleyhinə olmadıqlarını bəyan etməyə başladılar.