Azərbaycanda bu günədək meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınmayıb.
Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ölkə ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib.
Bundan əlavə sentyabrın 5-də Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə bu ilin noyabr ayında COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub.
"Hazırda bir çox ölkələrdə meymunçiçəyi virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, respublika ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Yekunda rəy və təkliflər dinlənilərək görüləcək fəaliyyətlərə dair vahid yanaşma müəyyənləşdirilib", məlumatda deyilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib.
ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib ki, Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək.
Meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan virusun yaratdığı xəstəlikdir. Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin əlamətlərinə bənzəyir, lakin o, klinik cəhətdən daha yüngüldür (effektiv peyvənd sayəsində 1980-ci ildə çiçək xəstəliyinin kökü kəsilib).
Meymunçiçəyi virusa yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür. İnsandan insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, o cümlədən üz-üzə və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.