Fransa vətəndaşlarına Azərbaycana səfər etməməyi tövsiyə edir

Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara heç bir səbəb olmadan Azərbaycana səfər etməməyi tövsiyə edir.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin 4 sentyabr tarixli məlumatında deyilir.

"Fransa vətəndaşları, o cümlədən ikili vətəndaşlığı olanlar, yaşayanlar və ya tranzit gedənlər Azərbaycanda həbs, özbaşına saxlanma və ədalətsiz məhkəmə çəkişməsi riski altındadır. Bu risklə əsasən turist səfəri və ya işgüzar səfər edən adamlar da üzləşə bilər. Həbs və ya saxlanma halında əsas hüquqlara hörmət təmin edilmir. Bundan əlavə, Ermənistanla sərhəd rayonlara, eləcə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rayonlarına və keçmiş ətraf rayonlara getmək əvvəlki kimi qəti şəkildə tövsiyə edilmir", məlumatda deyilir.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət etməmək barədə xəbərdarlığını pisləyib.

Ayxan Hacızadə Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası olmadığını bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda iki nəfər Fransa vətəndaşı həbsdədir. Onlardan biri, Martin Rayan casusluq ittihamı ilə həbs edilib. Digəri, Klerk Teo Hüqo Bakı metrosunda əmlaka ziyan vurduğuna görə həbs edilib.

"Fransanın belə əsassız, qərəzli qərarı və bəyanatı bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir”, məlumatda deyilir.

Ayxan Hacızadə Fransanı "Azərbaycana qarşı qarayaxma kampaniyasına son qoymağa" çağırıb.

Azərbaycan-Fransa münasibətləri 2020-ci ildə 44 günlük müharibədən sonra tədricən pisləşməyə başlayıb. 2022-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında sərhəddə qanlı toqquşmalardan, daha sonra Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi və yerli erməni əhalinin bölgəni tərk etməsi nəticələnən hərbi əməliyyatından sonra Fransanın Ermənistana siyasi və hərbi dəstəyi artırması ilə daha da gərginləşib.

Rəsmi Paris Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda və Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə, Bakı isə Fransanı Azərbaycanda separatçılığa dəstək verməkdə və Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda günahlandırır.