Ekspertlər: ABŞ Şimali Koreyanı nüvəsizləşdirməkdənsə, çəkindirməni prioritet etməlidir

Şimali Koreyanın nüvə və raket proqramları daha da təkmilləşdikcə, amerikalı ekspertlər hesab edirlər ki, Birləşmiş Ştatlar diplomatiyasının diqqətini Koreya yarımadasının nüvəsizləşdirilməsi cəhdindənsə, çəkindirməyə yönəltməlidir.

ABŞ Dövlət Departamenti təkid edir ki, nüvəsizləşdirmə ABŞ və Cənubi Koreyanın əsas məqsədi olaraq qalır və bu siyasət ABŞ-ın noyabrda keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olmayaraq dəyişməyəcək.

Lakin Amerikanın Səsinin Koreya xidməti ilə bir sıra e-poçt müsahibələri keçirən mütəxəssislər Şimali Koreya lideri Kim Çen Inın artan nüvə arsenalından imtina etməyə inandıra biləcəyinə çox az ümid etdiklərini bildirib. Onu inandırmaqdansa, diqqət silahlardan heç vaxt istifadə edilməməsinə yönəldilməlidir.

Vaşinqtondakı Brukinqs İnstitutunun xarici siyasət üzrə direktoru Maykl O'Hanlon "Məncə, praktiki bir məsələ kimi əksər amerikalılar hesab edirlər ki, bu nöqtədə ən azı yaxın gələcək üçün çəkindirməni prioritet etməkdən başqa seçimimiz yoxdur" , Amerikasının Səsinə e-poçtla bildirib.

Heritage Fondunun nüvə silahlarının qarşısının alınması və raketdən müdafiə üzrə əməkdaşı Robert Peters Amerikanın Səsinə elektron poçtla bildirib ki, siyasi spektrin hər iki tərəfindəki ABŞ siyasətçiləri Şimali Koreyanın nüvə silahından imtina etməyi düşünməsini sual altına alır.

Keçmiş ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çenq Un arasında 2018 və 2019-cu illərdə üç dəfə keçirilən nüvə danışıqlarının iflasına toxunan Peters “hər iki siyasi partiyada 2010-cu illərin sonundakı uğursuzluqları nəzərə alsaq, Şimali Koreyanın nüvəsizləşdirməsi cəhdinə maraq azdır” deyib.

Vaşinqton və Pxenyan arasında Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqlar 2019-cu ilin oktyabrından bəri demək olar ki, aparılmayıb. Peters qeyd edib ki, “əlavə olaraq, Şimali Koreyanın nüvə təhlükəsi haqqında necə düşündüyümüzlə bağlı zəmin dəyişib”.

Atlantik Şurada Hind-Sakit Okean Təhlükəsizlik Təşəbbüsünün direktoru Markus Qarlauskas Amerikanın Səsinə e-poçt vasitəsilə bildirib ki, Vaşinqton son illər nüvəsizləşdirmə danışıqları aparmaqdansa, Şimali Koreya təcavüzünün qarşısını almağa daha çox diqqət yetirir.

“Mən uzun müddətdir ki, Kim Çen Inın nüvə silahından imtina etmək niyyətində olmadığını, Şimali Koreyanın nüvə silahı və raket imkanlarının artdığını və artırmaqda davam edəcəyini deyirəm. Bu o deməkdir ki, ABŞ və onun müttəfiqləri strategiya və siyasətlərini buna uyğunlaşdırmaqla mövqeyini tənzimləməlidir" deyib.

2023-cü ilin aprelində ABŞ prezidenti Co Bayden və Cənubi Koreya prezidenti Yun Suk Yeol Şimali Koreyanın nüvə silahından istifadəsinin qarşısını almaq üçün bir sıra tədbirləri əks etdirən Vaşinqton Bəyannaməsini qəbul edib.