Müxalifətdə olan aparıcı siyasi qurumlar sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərinin elan edilmiş rəsmi nəticələrinin reallığı əsk etdirmədiyini bildirir. Siyasi partiyalar səsvermənin qanun pozuntuları, total saxtalaşdırma şəraitində keçirildiyini iddia edir. Bununla yanaşı iqridar təmsilçiləri seçkilərin qanunvericiliyə uyğun keçirildiyini, nəticlərin real olduğnu bildirir.
Milli Şura: "Saxta seçkinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmir"
Demokratik Qvvələrin Milli Şurası sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı beynəlxalq birliyə müraciət edərək seçkilərin nəticələrini tanımamağa çağırıb.
Milli Şura bəyanatında qeyd edir ki, sentyabr ayının 1-nə növbədənkənar parlament seçkisi təyin edilməsi konstitusiyaya zidd addım olub.
"Milli Şura bütün problemləri nəzərə alaraq, seçki kampaniyasının əvvəlində tələb etdi ki, seçkidə iştirak üçün seçki mühiti demokratikləşdirilsin və rəqabət imkanları yaradılsın. Ancaq İlham Əliyev hakimiyyəti bu dəfə də seçkiləri saxtalaşdırmaqla öz ömrünü uzatmaq ənənəsinə sadiq qalaraq bu tələblərə məhəl qoymadı, nəticədə Milli Şura saxta seçkiləri boykot qərarı verməli oldu. Təəssüf ki, hakim rejimin maraqlarına uyğunlaşdırılmış seçki qanunvericiliyinin dəyişdirilməsi, ədalətli və rəqabətli seçki mühitinin yaradılması istiqamətində heç bir addım atılmadı və uzun illər ərzində Venesiya komissiyasının seçki demokratiyasının təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü təkliflərin heç biri qəbul edilmədi”, bəyanatda deyilir.
Milli Şura hesab edir ki, ölkədə 125 seçki dairəsi olduğu halda, 303 siyasi məhbus var.
“Hakimiyyət istisnasız olaraq Azərbaycanda bütün seçkiləri müşahidə etmiş Avropa Şurasını bu dəfə nədənsə seçki müşahidəsinə buraxmadı və AŞPA-nın 76 deputatının Azərbaycana girişinə qadağa qoydu”, sənəddə qeyd edilir.
Milli Şura bildirir ki, real müxalifətin qatılmadığı və rəqabətsiz şəraitdə kecirilən seçki kampaniyasına heç bir ictimai diqqət göstərilməyib və cəmiyyət bu prosesdə hər hansı şəkildə iştirak etməyib.
Milli Şura bəyanatında seçkilər zamanı müstəqil jurnalistlərə edilən məhdudiyyətlərə də toxunub.
“Bəzi jurnalistlər və müşahidəcilər inzibatı təzyiq və hədələrlə məntəqələrdən uzaqlaşdırılıb. Seçki prosesinin işıqlandırılması ilə bağlı peşəkar təcrübəsi olan Abzas Media, Toplum TV, Kanal 13-ün jurnalistləri saxta ittihamlarla həbs edilərək seçki prosesindən təcrid ediliblər”, bəyanatda deyilir.
Milli Şura bəyan edir ki, 1 sentyabrda Azərbaycanda Milli Məclisə keçirilən seçkilərə seçicilərin əksəriyyəti qatılmayıb, səsverməyə gələnlər isə inzibati resurslardan istifadə olunaraq bu prosesə cəlb olunub.
“Milli Şura bu saxta seçki nəticələrini Azərbaycan xalqının iradəsini əks etdirmədiyi üçün qəbuledilməz sayır və xalqımızı saxta seçki nəticələrinə qarşı, yeni demokratik seçkilər keçirilməsi uğrunda fəal mübarizəyə çağırır”, bəyanatda bildirilir.
Ombudsman: Seçkilərdə vətəndaşların seçki hüququ təmin edilib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə aparılmış müşahidələrin nəticələrini açıqlayarkən bildirib ki, parlament seçkiləri əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirilib.
"Əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşı parlamentə növbədənkənar seçkilərdə müşahidəçi qismində respublika üzrə 117 seçki dairəsinin 897 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər 42 şəhər-rayonlarında və muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidələr aparıb. Müşahidələr zamanı Ombudsman məntəqə seçki komissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitə görüşüb, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrənib. Pozuntu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə olunmayıb", ombudsman Səbinə Əliyeva qeyd edib .
Ombudsman Milli Məclisə növbədənkənar seçkilərdə vətəndaşların təməl hüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq olaraq təmin edildiyini diqqətə çatdırıb.
İlqar Məmmədov: Seçkilərlə bağlı MSK-ya təqdimatlar edəcəyik
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə bildirib ki, hazırda seçkilərdə partiyanın üzvlərinin deputatlığa namizəd olduğu seçki dairələri üzrə nəticələr mübahisələndirilir.
“Bununla bağlı Mərkəzi Seçki Komissiyasına təqdimatlar edəcəyik. Bu hüquqi prosesi tamamladıqdan sonra yekunlaşdırıcı ümumi siyasi bəyanatımız olacaq”, Məmmədov qeyd edib.
AXCP: Növbədənkənar parlament seçkisinin nəticələri tamamilə saxtadır
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəyanatında deyilir ki, növbədənkənar parlament seçkisi xalqın iradəsini ifadə etmir və onun elan olunan nəticələri tamamilə saxtadır.
“Bu "seçki" ölkədə sərbəst toplaşmaq, söz və ifadə, birləşmək, seçmək və seçilmək kimi fundamental hüquq və azadlıqların dövlət səviyyəsində tam məhdudlaşdırıldığı, gerçək müxalifətin və xalqın boykotu, heç bir rəqabətin olmadığı şəraitdə keçirilib. Parlamentin yeni tərkibi şəxsən İlham Əliyevin təsdiq etdiyi siyahı üzrə formalaşıb. Belə bir parlament legitim ola və xalqı təmsil edə bilməz”, sənəddə qeyd edilir.
AXCP xatırladır ki, bu "seçkini" hakimiyyət ən elementar yarış şəraitini belə təmin etmədiyi üçün boykot edib".
“AXCP hər zaman seçkilərdə iştirakdan yana olub, 1 sentyabr növbədənkənar parlament seçkisində iştirak üçün şərtlərini də açıqlayıb. Bu şərtlər ölkədə sayı 300 nəfəri keçən siyasi məhbusların azad edilməsi, sərbəst toplaşmaq azadlığının təmin olunması, müxalifətin seçki komissiyalarında təmsil oluna bilməsi, müstəqil quruluşların və müxalifətin seçkini müşahidə etməsinə imkan yaradılması kimi ən sadə addımlar idi. Təəssüf ki, İlham Əliyev hakimiyyəti bu şərtləri yaxına buraxmadı, əksinə, özünün repressiv siyasətini gücləndirərək, ölkədə həqiqi seçkiyə heç bir marağının olmadığını nümayiş etdirdi. Ölkə guya seçkiyə hazırlaşdığı bir vaxtda siyasi motivli həbs və təqiblər artırıldı və hətta AXCP sədri Əli Kərimliyə qarşı da tamamilə əsassız bir məhkəmə prosesi başladıldı. AXCP-nin fəaliyyətini dayandırmaq iddiası ilə də başqa bir məhkəmə çəkişməsinə start verildi”, bəyanatda qeyd edilir.
AXCP bildirir ki, hakimiyyət səsvermə günü məntəqələrdə guya seçici kütləviliyinin olduğunu göstərmək üçün ənənəvi saxtakarlıq metodundan istifadə edib.
“Yalnız bir neçə nəfər namizəd ola bilmiş ictimai fəalın sayəsində seçki dairələrinin cəmi 3 faizinə qədərində qismən fəallıq qeydə alınıb. Bu isə ümumi nəticəni və mənzərəni dəyişmir.
Seçicilərin səsvermədə iştirakı 10 faizdən də az (7-8 faiz) olub. Ancaq hətta bu rəqəm də könüllü iştirakla deyil, dövlət büdcə təşkilatlarında çalışan işçiləri inzibati təzyiq hesabına səsverməyə cəlb etməklə əldə olunub. Müxtəlif "karusel" qrupları müxtəlif məntəqələrdə, hətta müxtəlif dairələrdə dəfələrlə səs verib. Yenə də qutular topa ilə saxta bülletenlərlə doldurulub. Seçkidə iştirak faizləri haqda MSK adından yayılan məlumatların reallıqla heç bir əlaqəsi olmayıb”, bəyanatda qeyd edilir.
“AXCP bu "seçkinin" nəticələrini tanımadığını, üzləşdiyi bütün çətinliklərə baxmayaraq yeni və demokratik seçkilər, ölkənin demokratikləşməsi uğrunda mübarizəsini davam etdirəcəyini" bəyan edir.
AXCP beynəlxalq ictimaiyyətə müraciət edir ki, Azərbaycanda hər seçkinin özündən əvvəlkindən daha qeyri-demokratik olduğunu və daha məhdud şəraitdə keçirildiyini, bütün fundamental hüquq və azadlıqların dövlət səviyyəsində məhdudlaşdırıldığını, ölkənin sərt avtoritar rejimdən totalitarizmə keçid etdiyini ciddi şəkildə diqqətə alsın.
Beynəlxalq birlik Azərbaycanda seçkilərin kütləvi saxtalaşdırılmasına prinsipial qiymət verməli, İlham Əliyev hakimiyyətindən beynəlxalq öhdəliklərinə riayyət etməyi daha qətiyyətlə tələb etməlidir”, bəyanatda bildirilir.
AXCP “Azərbaycan xalqına çağırış edir ki, hakimiyyətin onu hansı çətin dalana saldığının fərqində olsun”.
“Bilmək lazımdır ki, xalqımızı bu dalandan ayrı - ayrı partiyalar xilas edə bilməz. Bu acınacaqlı vəziyyətdən tək çıxış yolu yalnız ümumxalq hərəkatı - fundamental hüquq və azadlıqlarımızın, o cümlədən seçki hüququmuzun təmin edilməsi uğrunda böyük bir hərəkat ola bilər”, sənəddə qeyd edilir.
Müsavat Partiyası: Yeni formalaşan Milli Məclisi legitim qanunverici orqanı hesab etmirik
“Müsavat Partiyası azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsini əks etdirməyən seçkilər nəticəsində formalaşan Milli Məclisi Azərbaycan Respublikasının legitim qanunverici orqanı hesab etmir”.
Bu barədə Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının Milli Məclisə növbədənkənar deputat seçkiləri ilə bağlı ilkin rəyində deyilir.
Müsavat Partiyası hesab edir ki, Milli Məclisə növbədənkənar deputat seçkiləri azad və ədalətli olmayıb.
“Seçkilər beynəlxalq demokratik standartlara, hakimiyyətin Azərbaycan dövlətinin üzv olduğu beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə cavab verməyib”, sənəddə qeyd edilir.
“Müsavat Partiyası Milli Məclisə növbədənkənar seçkilərin nəicələrinin ləğv edilməsini, ölkədə hüquqi dövlət, demokratik cəmiyyətin qurulmasını təmin edəcək islahatların, o cümlədən seçki islahatlarının aparılmasını, Azərbaycan Milli Məclisinə yeni seçkilərin keçirilməsini tələb edir” partiysnın ilkin rəyində deyilir.
Seçkilərin ilkin rəsmi nəticələri
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb.
İlkin nəticələrə görə, iqtidarda olan Yeni Azərbaycan Pafrtiyası (YAP) 67 mandat qazanıb. Daha 45 deputat yerinə hökumətyönümlü mövqeyi ilə tanınan müstəqill namizədlər seçilib.
Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası üç (Fəzail İbrahimli, Rafael Hüseynov və Tənzilə Rüstəmxanlı), Ədalət, Hüquq və Demokratiya Partiyası (Qüdrət Həsənquliyev və Elçin Mirzəbəyli) iki deputatla təmsil olunacaq.
Daha 8 partiya - Respublikaçı Alternativ Partiyası (Erkin Qədirli), Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə), Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Ana Vətən Partiyası (Günay Ağamalı), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Böyük Azərbaycan Partiyası (Elşad Musayev), Milli Cəbhə Partiyası (Razi Nurullayev), Azərbaycan Demokratik Maarifçilik Partiyası ( Elşən Musayev) bir deputat mandatına malik olacaq.
Seçkilərdə 24 deputatlığa namizədlə iştirak edən Müsavat Partiyası deputat yeri “qazana” bilməyib. Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edib.