Bakı vaxtı ilə saat 19-da Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə başa çatıb.
Exit Polların nəticələrinə görə, 60-dan çox seçki dairəsində iqtidarda olan Yeni Azərbaycan Partiyasının namizədləri irəlidə gedir. Bitərəf namizədlər 40-dan çox seçki dairəsində irəlıdədir.
Bununla yanaşı, Vətəndaş Həmrəyliyi Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Demokratik İslahatlar Partiyası və digər bir neçə siyasi partiyanın hər birinin 1-3 namizədi irəlidədir. Bu il parlament seçkilərində son illərdə ilk dəfə Milli İstiqlal Pariyasının bir namizədi irəlidə gedir. Seçkilərdə iştirak edən Müsavat Partiyasının 24 namizədinin heç biri Exit Pollarda irəlidə deyil. Respublikaçı Altenativ (REAL) Partiyası isə 12 namizədlə seçkilərə qatılsa d,a Exit Pollarda yalnız bir namizədi irəlidədir.
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə Bakı vaxtı ilə saat 17-yə olan məlumata görə, seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib.
Hesabat vermiş məntəqələrin sayı 6478-dir.
Bu barədə Mərkəzi Seçki Komissiyasının Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov mətbuat konfransında bildirib.
Səsvermə Bakı vaxtı ilə saat 19-da başa çatacaq.
Müsavat Partiyasının Bakı vaxtı ilə saat 15-də yaydığı məlumatda deyilir ki, seçki məntəqələrində “karusel” əməliyyatı kütləvi hal alıb.
“17 saylı seçki dairəsinin 24 saylı məntəqəsində hətta Bakı şəhərində deyil, respublikanın rayonlarında qeydiyyatda olan şəxslərin səs verməsi halları aşkar edilib. 8 saylı seçki dairəsinin 31 saylı məntəqəsində qeydiyyatda olmayan şəxslər səs verir. Bununla belə bu məntəqəyə 62 seçicinin gəlməsinə baxmayaraq, Dairə Seçki Komissiyasına 180 nəfərin iştirakı barədə məlumat verilib. 8 saylı seçki dairəsinin 15 saylı məntəqəsində polis əməkdaşları seçicilərə hakimiyyət namizədinə səs vermək təlimatı verir. Bakı şəhərində seçki komissiyaları üzvlərinin bir çoxu Seçki Məcəlləsinin 36.2 maddəsinə zidd olaraq müvafiq seçki dairələrinin ərazisində qeydiyyatı olmayan şəxslərdən ibarətdir. 71 saylı Cəlilabad şəhər seçki dairəsinin ərazisində “karusel” əməliyyatı əvvəlki dövrlərdə olduğu kimi avtobuslar vasitəsi ilə deyil, minik avtomobilləri vasitəsi ilə həyata keçirilir”, partiyanın yaydığı məlumatda deyilir.
Mərkəzi Seçki Komissiyası Müsavat Partiyasının məlumatına hələ münasibət bildirməyib.
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı da açıqlanıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, indiyə qədər seçicilərin 29,49 faizi (1 milyon 893 min 555 nəfər) səsvermə hüququndan istifadə edib.
O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.
Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.
Öz növbəsində Müsavat Partiyasının seçkinin gedişatı ilə bağlı press relizində deyilir ki, Müsavat Partiyasının Seçki qərargahına seçki gününün ilk saatlarından qanun pozuntuları barədə məlumatlar da daxil olur.
Your browser doesn’t support HTML5
“Hələlik əsas problemlər müşahidəçilərimiz və “karusel” əməliyyatları ilə bağlıdır. 8 saylı Binəqədi birinci seçki dairəsinin bəzi məntəqələrində müşahidəçilərin məntəqələrə buraxılması ilə bağlı problemlər yaradılıb. İndi məlumat aldıq ki, 8 saylı dairənin 12 saylı məntəqəsində seçki prosesinə heç bir müdaxiləsi olmadığına baxmayaraq Müsavatdan olan müşahidəçi polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılır. 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 26 saylı məntəqəsində “karusel” əməliyyatını qeydə alan müsavatçı Cəmaləddin Heybətə təziq edilir. 31 saylı Suraxanı ikinci seçki dairəsində Müsavat Partiyasından deputatlığa namizəd Ərzulla Bulud “karusel” əməliyyatı həyata keçirən qrupun bir-neçə məntəqədə səs vermək cəhdlərini qeydə alıb,”press relizdə deyilir.
Müsavat Partiyasının bu məlumatı ilə bağlı Azərbaycan MSK-sı rəsmi açıqlama verməyib.
Ölkə üzrə səsvermə Bakı vaxtı ilə saat 8-də başlayıb, saat 19-da başa çatacaq.
Seçkilər 125 seçki dairəsi üzrə 6,478 seçki məntəqəsində keçirilir. Səsvermə hüququ olan seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Your browser doesn’t support HTML5
Deputatlığa namizədlərdən 305 nəfərinin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb.
İqtidarda olan Yeni Azərbaycan Partiyası 125 seçki dairəsinin hamısından öz namizədini irəli sürüb. Aparıcı müxalifət partiyalarından Müsavat Partiyasının 24, REAL Partiyasının 12 namizədi deputatlıq uğrunda mübarizəyə qoşulub.
Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament seçkilərini boykot edir. Partiya sədrinin müavini Seymur Həzi siyasi qurumun bir neçə ay əvvəl keçirilmiş prezident seçkilərini də boykot etdiyini bildirib.
"Partiya öz məclis qərarında bunu əsaslandırarkən bildirib ki, Azərbaycanda seçkiqabağı mühitin, eyni zamanda sərbəst toplaşmaq azadlığının olmaması, ölkədə 300-dən çox siyasi məhbusun olması, seçki komissiyalarına hökümətin mütləq təsir etməsi, polis orqanlarının seçkiyə aşkar müdaxiləsi, heç bir yarış şəraitinin olmaması, avtoritar rejimin ümumiyyətlə yarış üçün hər hansı bir fürsət yaratmaması və cəhd olunan fürsətləri zorakı yolla boğması AXCP-ni bu qərarı verməyə sövq edib," Seymur Həzi Amerikanın Səsinə bildirib.
Məzahir Pənahov deyib ki, parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 112 min 749 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 65 minə yaxını 24 siyasi partiyanın müşahidəçiləridir. Eyni zamanda, seçkiləri müşahidə etmək üçün 51 beynəlxalq qurumdan və 69 ölkədən 598 nəfər akkreditə olunub.
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 227 nəfər, ATƏT Parlament Assambleyasından 61 nəfər müşahidəçi qeydiyyatdan keçib,” o, qeyd edib.
Səsvermə Azərbaycanda bir çox müstəqil jurnalistlərin və ictimai-siyasi fəalların həbs olunduğu mühitdə keçirilir.
Human Rights Watch təşkilatı bildirir ki, ötən il ərzində Azərbaycan hakimiyyəti 30-dan çox müstəqil jurnalisti, vətəndaş cəmiyyəti fəalını və akademiki qaçaqmalçılıq, qeyri-qanuni sahibkarlıq, çirkli pulların yuyulması və vergidən yayınma kimi müxtəlif saxta cinayət ittihamları ilə həbs edib.
“Azərbaycan haqsız yerə həbs edilənləri azad etməli və repressiyalara son qoymalıdır. Onlar fəalların, hüquq müdafiəçilərinin və jurnalistlərin COP29 konfransında, həmçinin, konfransdan əvvəl və sonra məzmunlu şəkildə iştirak etmələrini təmin etməlidirlər,” təşkilatın təmsilçisi Giorgi Qogiya bildirib.
Azərbaycan Milli Məclisinə seçkilər bu ilin noyabrında keçirilməli olsa da, parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) keçirilməsini səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.
Daha sonra prezident İlham Əliyev növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.