Ukrayna qüvvələri çərşənbə günü Rusiyanın cənub-qərbində bir neçə ərazini dronlarla hədəf alıb. Onlardan biri Rostovda yanacaq anbarında yanğına səbəb olub.
Rostov bölgəsinin qubernatoru Vasili Qolubev Telegram-da bildirib ki, yanğınsöndürənlər alovları söndürməyə çalışır. Onun dediyinə görə, ölən olmayıb.
Rusiyanın müdafiə nazirliyi Rostov bölgəsi üzərində Ukraynanın dörd, Voronej üzərində isə səkkiz dronunu vurub.
Voronejdə rəsmilər ziyan dəymədiyini, ölən olmadığını bildirib.
Ukrayna ilə sərhəddə yerləşən Belqorod regionunun qubernatoru Vyaçeslav Qladkov deyib ki, Ukraynanın dron hücumu nəticəsində üç evə ziyan dəyib. O, xəsarət alanın olmadığını bildirib.
Rəsmilərin məlumatına görə, Rusiyanın hava hücumundan müdafiə qüvvələri həmçinin qonşuluqdakı Kursk bölgəsi üzərində də Ukraynaya məxsus dronu vurub.
Ukraynada Dnipropetrovskun qubernatoru Serhiy Lısak deyib ki, Rusiyanın hücumu nəticəsində Kriviy Rih şəhərində ən azı üç nəfər ölüb, infrastuktura ziyan dəyib.
Lısak deyib ki, hücum şəhərdə çərşənbə axşamı otelə raket hücumu ilə bağlı yas tutulduğu bir vaxta təsadüf edib.
Xarkiv qubernatoru Oleh Sınehubov deyib ki, Rusiyanın raket hücumu evlərə ziyan vurub, nəticədə 12 nəfər xəsarət alıb.