Həbsxanada 75 gündür aclıq edən doktorant 27 kiloqram çəki itirib

Fazil Qasımov (Sosial şəbəkə)

Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 75 gündür aclıq edir. O, “qanunsuz həbsinə” etiraz edir və aclığı sonadək davam etdirəcəyini deyib.

Bu barədə avqustun 27-də onunla telefon danışığından sonra qardaşı Nazim Qasımov Amerikanın Səsinə bildirib.

Nazilm Qasımov qardaşının səhhətinin kritik olduğunu deyib.

“Aclıq qardaşımı taqətdən salıb. O 27 kiloqram çəki itirib, hazırda cəmi 40 kiloqramdır, dəri və sümükdən ibarətdir. Səsi xırıldayır, təzyiqinin aşağı olması səbəbindən kəskin isti hava olmasına baxmayaraq əynində qış paltarın olsa da titrəyir. Böyrəklərində, mədəsində, ürək nahiyyəsində kəskin sancılar olur. Ağrılardan inildəyir. Rəsmi qurumlara müraciətimiz bir nəticə vermir, indi üzümüzü allaha tutub ondan kömək istəyirik. Allah qardaşıma kömək olsun”, Nazim Qasımov Amerikanın Səsinə deyib.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", o əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb.

Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Qasımovun cinayət işi üzrə hazırlıq iclası başlayıb. Növbəti məhkəmə iclası avqustun 29-na təyin edilib.