Müharibənin getdiyi Ukraynaya səfər edən Hindistan baş naziri Narendra Modi deyib ki, Yeni Dehli sülh əldə etmək səylərində “dost kimi” aktiv rol oynamağa hazırdır. O həmçinin Rusiya ilə Ukrayna arasında danışıqların aparılmasına ehtiyacı vurğulayıb.
Modi bu sözləri cümə günü Kyivdə Ukrayna prezidenti Volodimir Zelenski ilə oturarkən deyib. İki lider iki il öncə Rusiyanın hərbi müdaxiləsindən sonra başlayan münaqişə ilə bağlı danışıqlar aparıb.
“Həll yolu yalnız dialoq və diplomatiya yolu ilə tapıla bilər. Biz vaxt itirmədən bu istiqamətdə irəliləməliyik. Hər iki tərəf bu böhrandan çıxmağa yol tapmaq üçün bir araya gəlməlidir,” Modi deyib.
Hindistan baş nazirinin Ukraynaya səfəri Modinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən altı həftə sonraya təsadüf edib.
Modi, Rusiyanın təcavüzünü qınamadığına görə, Kyiv və onun Qərb müttəfiqləri tərəfindən tənqidə məruz qalan Hindistanın müharibə ilə bağlı neytral mövqedə olduğunu inkar edib. “Biz bir tərəf tutmuşuq və qətiyyən sülhün tərəfindəyik,” o deyib.
O həmçinin deyib ki, Hindistan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
Modi və Zelenski danışıqlardan öcnə münaqişə zamanı öldürülən ukraynalı uşaqların xatirəsinə ucaldılan abidəni ziyarət edib. “Hər bir ölkədə uşaqlar təhlükəsiz şəraitdə yaşamağa layiqdir,” Zelenski X sosial media platformasında yazıb. “Biz bunu mümkün etməliyik.”
Modi “Həyatını itirən uşaqların ailələrinə başsağlığı verirəm” deyib.
Modinin iyulun 8 və 9-da Moskvaya səfəri Rusiyanın uşaq xəstəxanasına və dinc sakinlərin ölümünə səbəb olan digər hədəflərə raket hücumları etdiyi bir vaxta təsadüf etmişdi. Bu da Zelenskinin kəskin tənqidinə səbəb olmuşdu. O, Hindistan liderinin “belə bir gündə” Putini qucaqlamasını “böyük məyusluq və sülh səylərinə sarsıdıcı zərbə” adlandırmışdı.
Zelenski cümə günü Modinin səfərini “dostcasına” və simvolik adlandırıb. Səfər Ukrayanın Müstəqillik günündən bir gün öncəyə təsadüf edib.
Hindistanın xarici işlər naziri Subrahmanyam Çaişankar müxbirlərə deyib ki, Modi ilə Zelenski arasındakı müzarikələrin böyük hissəsi münaqişəni əhatə edib.
Ukraynada, Moskvanın yaxın müttəfiqnin səfəri münaqişədə neytral mövqe sərgiləyən ölkələrdən daha geniş dəstək almaq üçün diplomatik səylərin bir hissəsi olaraq görülür.
Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak Reuters-ə deyib ki, Yeni Dehli Moskva üzərində “həqiqətən də müəyyən təsirə” malikdir.
Təhlilçilər deyir ki, Modinin səfəri ona işarə edir ki, Hindistan Qərb ölkələrinə qoşularaq Rusiyanı təcrid etməsə də, hər iki ölkə ilə müstəqil əlaqələr qurmaq istəyir.