Tofiq Yaqublunun işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Tofiq Yaqublu məhkəmədə “Putinin Navalnını öldürdüyü kimi Əliyevin də planı məni həbsxanada öldürməkdir” şüarı qaldırıb

Avqustun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Siyasətçi məhkəmədə iddia edib ki, onun əleyhinə ifadə verərək özünü zərərçəkmiş kimi təqdim edən Elşən Hüseynovun oğlu İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir.

Tofiq Yaqublu bununla bağlı məhkəmədə fotolar da nümayiş etdirib, fotolarda İsrail prezidentinin Cəlal Hüseynovu təltif etməsi, onun anasıyla görüşməsi əksini tapıb.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Ötən məhkəmə iclaslarında Hüseynov müalicəyə görə 3 ölkəyə - İsrailə, Almaniyaya və Belarusa gedə biləcəyini, lakin Almaniyaya getməyə qərar verdiyini bildirib. Suallara cavabında da demişdi ki, İsraildə olmayıb, orada da heç kimi yoxdur.

"Deyirdi ki, İsraildə heç kimi yoxdur, orada olmayıb, amma mənim üzümə duran bu adamın oğlu Cəlal Əliyev İsrailin xüsusi xidmət orqanlarında işləyir. Oğlu orada ola-ola, niyə müalicə üçün İsrailə getmir, amma mənə 25 min avro, 10 min manat pul verirdi?", deyə Yaqublu sual edib.

Yaqublunun vəkili Aqil Layıc isə bildirib ki, bu faktın özü zərərçəkmiş qismində tanınan Elşən Hüseynovun yalan danışdığını sübut edir və beləcə, Tofiq Yaqubluya qarşı ittiham da darmadağın olur.

Hüseynov özü heç vaxt İsraildə olmadığını desə də, bir qədər sonra məhkəmədə şahid kimi dindirilən həyat yoldaşı Sədaqət Hüseynova fərqli ifadə verib. O, Hüseynovun ikinci həyat yoldaşı olduğunu deyib, onun əvvəlki nikahdan 2 oğlu olduğunu bildirib. Həmçinin, Hüseynovun özünün də İsrailə getdiyini deyib.

"Xəstəliyi varsa və İsrailə də gedibsə, bəs niyə orada müalicə olunmayıb" sualını Hüseynova cavabında bildirib ki, "görünür, müalicə vaxtı baxıma ehtiyac var, mən də yanında ola bilməyəcəkdim, ona görə...".

Hüseynov məhkəmədə iddia edirdi ki, 25 min avro özünün vardı, qalan 10 min manatı da dostu Amil Dadaşovdan sələmlə alaraq, 2 ay sonra qaytarıb.

Dadaşov məhkəmədə deyib ki, dost idilər, pulu ona borc kimi vermişdi:

"Bir dəfə məni tuturdular, Elşən maşınını satıb, məni çıxartdı. Mən indi ona necə pul verməyəydim?"

Dadaşov sualların çoxunu "yadımda deyil" dediyinə görə Tofiq Yaqublunun vəkili onun yaddaş pozuntusundan əziyyət çəkməsi, anlaqlı olub-olmaması məsələsinin araşdırılması haqqında vəsatət verib.

Yaqublunun işi üzrə növbəti məhkəmə prosesi sentyabrın 6-da keçiriləcək.

Ötən ilin fevralında bir çox media orqanında Cəlal Elşən oğlu Hüseynovla bağlı məlumat yayımlanmışdı. Bildirilirdi ki, İsraildə prezident sarayının mühafizəsini həyata keçirən Cəlal Hüseynov saraya hücum etmək istəyən terror qrupunu zərərsizləşdirib. İsrail prezidenti, onun mükafatlandırma mərasiminə anası Nüşabə Əliyevanı da dəvət edib.

Məhkəmədə səslənən iddia ilə bağlı Cəlal Hüseynovdan mövqe almaq mümkün olmayıb.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.