Avqustun 23-də Səbail Rayon Məhkəməsində siyasi tədiqiqatçı Bəhruz Səmədovun məhkəmə prosesi keçirilib. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkilin sözlərinə görə, siyasi tədqiqatçı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur:
"İstintaq bildirdi ki, o, xaricdə təhsil alır, ona görə də düşünürlər ki, istintaqdan yayına bilər və barəsində həbs qətimkan tədbiri seçilməlidir. Bəhruz bildirdi ki, o, təqsirsizdir, dövlətə heç vaxt xəyanət etməyib və həbsi əsassızdır. Biz maraqlıyıq ki, istintaq araşdırma aparsın və sonda ona bəraət versin, istintaqdan yayınmaq fikri yoxdur. Buna görə də həbs seçməyə ehtiyac yoxdur".
Sadıqovanın sözlərinə görə, məhkəmə istintaqın verdiyi vəsatəti təmin edib, lakin onlar qərardan apellyasiya şikayəti verəcəklər.
"Bəhruz Səmədov dedi ki, ona qarşı Dövlət Təhlükəsizlik Xidmətində təzyiqlər olub. Məhkəmə bununla bağlı qərar qəbul etdi ki, Baş Prokurorluq bu iddianı araşdırsın. Bəhruz bildirdi ki, o, sülhpərvər insandır və xristian dininə inanır, bu dində isə ancaq sülh təbliğ olunur. Ona görə də o, həm dini, həm də özünün dəyərlərinə görə sülhpərvər insandır. Onun istəyi sülhün olması olub", deyə vəkil qeyd edib.
Vəkil əlavə edib ki, Səmədov araşdırmalar edərkən Qarabağ münaqişəsi ilə bağlı hər iki tərəfin problemlərini işıqlandırıb.
Siyasi tədqiqatçı avqustun 21-də saxlanılıb. Nənəsi Zibeydə Osmanovanın sözlərinə görə, saat 16:30-da Dövlət Təhlükəsizlik Xidmətinin 6 əməkdaşı onların yaşadığı evə gəlib və evdə narkotik axtarışı aparacaqlarını deyiblər:
"Bəhruzun özünü axtarışa gətirməmişdilər. Dedim ki, nəvəmin narkotiklə əlaqəsi olsa, bunu bilərdim. Axtarışda narkotik tapmadılar, amma Bəhruza aid olan 2 telefon, 2 kompüter, Lomonosov Universitetinin diplomunu və digər sənədləri götürüblər. Evdən Bəhruza aid nə sənəd varsa, şəxsiyyət vəsiqəsi, xarici pasport və s. götürüb apardılar".
Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətindən mövqe almaq mümkün olmayıb.
Bəhruz Səmədov "OC Media" və "Bakı Araşdırmalar İnstitutu"nun müəllifidir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə məşhurdur.
Siyasi tədqiqatçı Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Səmədov poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır.