Cümə axşamı gecəsi Təbriz stadionunda keçirilən və təxminən 90 min tamaşaçının izlədiyi futbol matçı zamanı 10 minlərlə azarkeş məşhur “Türk dilində mədrəsə” şüarını səsləndirib.
Yarı-rəsmi ISNA agentliyinin bildirdiyinə görə, Təbrizin Traktor Azərbaycan və Tehranın Perspolis komandaları arasında saat 20:00-a planlaşdırılan qarşılaşma stadiona tutumundan daha böyük bir izdihamın gəlməsi səbəbilə gecikib. Oyun 1-1 hesabı ilə başa çatıb.
Sosial şəbəkələrdə paylaşılan xəbər və görüntülərə əsasən, matçın 15-ci dəqiqəsindən başlayaraq Traktor komandasının 10 minlərlə azarkeşi “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarını səsləndiriblər.
X sosial şəbəkəsində paylaşılan bir çox videoda görünür ki, stadionun bir tərəfində oturan azarkeşlər “Türk dilində mədrəsə” şüarını səsləndirərkən, digər tərəfdən “Olmalıdır hər kəsə” cavabı eşidilir.
SEE ALSO: Təbriz stadionunda "Azadlıq, ədalət, milli hökümət" şüarı səsləndirilibTasnim və ISNA kimi yarı-rəsmi agentliklər matçın 90 min tamaşaçı tərəfindən izlənildiyini bildiriblər.
Tasnim agentliyinin yazdığına görə, “matçın nəzarətçisi Davud Rəfəti qarşılaşmanın başladığı dəqiqələrdə bildirib ki, Traktor klubu və Şərqi Azərbaycan futbol heyəti daha əvvəl qəbul edilən qərarları yerinə yetirməyiblər. Qərar bu idi ki, 49 min bilet satılsın. Ancaq, stadiona 90 min nəfər daxil olub və stadionun kənarında da izdiham var.”
İranda ‘türk kimliyinin simvolu’ kimi tanınan Təbrizin Traktor Azərbaycan futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, habelə “Urmiyə gölünün qurudulması” və İranda qadınların stadiona giriş qadağasına etiraz ediblər.