Kamala Harris Demokratların prezidentliyə nominasiyasını qəbul etdi

Vitse-prezident Kamala Harris cümə axşamı Demokratların nominasiyasını qəbul edərkən amerikalıları "irəliyə doğru yeni bir yol çəkmək" üçün ona qoşulmağa çağırdı, şəxsi hekayəsi və prokurorluq keçmişinin onu amerikalıların maraqlarını qorumağa və Respublikaçı Donald Trampı məğlub etməyə unikal bir şəkildə kvalifikasiya etdiyini iddia etdi.

Səhnəyə gurultulu alqışların sədası altında daxil olan Harris özünü Amerika ictimaiyyətinə təqdim etməyə və növbəti dörd il ərzində ölkəyə rəhbərlik etmək planlarını təsvir etməyə çalışdı.

“Ölkəmiz bu seçki ilə ixtilaf doğuran döyüşləri, acılığı, abırsızlığı geridə qoymaq üçün dəyərli, qısa fürsətə malikdir,” Harris dedi. “İrəliyə doğru yeni bir yol çəkmək imkanı. Hər hansı tək bir partiya və ya fraksiyanın üzvləri olaraq deyil, amerikalılar olaraq.”

Harrisin Çikaqonun United Center arenasında keçirilən Demokratların Milli Qurultayında çıxışı Amerika siyasətində son səkkiz həftədə baş verən sürətli dəyişikliklərdən sonraya təsadüf edir və seçki gününə cəmi 75 gün qalmış Demokratların taleyinin son dərəcədə gözlənilməz bir şəkildə dəyişdiyini göstərir. Trampa qarşı debatda faciəvi performans sərgiləməsindən sonra prezident Co Baydenin namizədliyindən açıq şəkildə ümidini kəsən partiya liderləri həm Harrisin namizədliyinin tarixi təbiəti, həm də bu noyabr ayına olan böyük ümidləri səbəbilə sevincli idilər.

Yamaykalı və hindistanlı immiqrantların qızı olan Harris əsas partiyanın prezidentliyə nominasiyasını qəbul edən ilk qara qadın oldu. Seçilsə, o, ABŞ-ın ilk qadın prezidenti olacaq.

“Amerika, məni son həftələrdə bura gətirən yol şübhəsiz ki, gözlənilməz idi. Amma bu, ilk dəfə deyil ki, mən mümkünsüz görünən yola çıxıram” dedi.

Harris valideynlərinin boşanmasının ardınca əsasən anası, habelə dostları, “sevgi yolu ilə ailə” olan baxıcıları tərəfindən böyüdülməsindən bəhs etdi. O, həmçinin siyasi karyerasının başlamasında qığılcım rolu oynayan hekayəni anlatdı. Belə ki, onun orta məktəbdəki yaxın rəfiqəsi Vanda ona ögey atası tərəfindən istismara məruz qaldığını danışıb və o, daha sonra Harrisin ailəsi ilə yaşamağa başlayıb.

“Mənim ittihamçı olmağımın səbəblərindən biri budur. Vanda kimi insanları qorumaq,” Harris dedi.

İttihamçı, ştatın baş prokuroru, senator və indi də vitse-prezidentlik karyerasını vurğulayan Harris dedi ki, “Mənim bütün karyeram boyu bir müştərim olub: xalq.” Bu arada isə o, Trampın sadəcə olaraq “özünün yeganə müştərisi olan özünün” maraqları üçün hərəkət etdiyini dedi.

Harris Tramp əleyhdarı Respublikaçılara birbaşa müraciət edərək, onları partiya etiketlərini kənara qoyaraq, Tramp əvəzinə ona səs verməyə çağırdı.

“Bilirəm ki, bu gecə bizi müxtəlif siyasi görüşlərdən insanlar izləyir, ” o, nominasiyanı qəbul edəndən sonra söylədi. “Və bilməyinizi istəyirəm ki, mən bütün amerikalıların prezidenti olacağıma söz verirəm. Hər zaman ölkəni partiyadan və özümdən üstün tutacağıma əmin ola bilərsiniz,” o dedi.

“Mən bütün amerikalılara qanunun aliliyi və ədalətli seçkilərdən tutmuş hakimiyyətin dinc yolla ötürülməsinə qədər Amerikanın müqəddəs konstitusiya prinsiplərini, fundamental prinsiplərini qoruyan prezident olacağıma söz verirəm,” Harris dedi.

Harris daha sonra nitqində Donald Trampa istinad edərək, bir neçə dəfə onun “Kapitolidə hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edənləri azad etmək, siyasi rəqiblərini həbs etmək və Amerika vətəndaşlarına qarşı ordudan istifadə etmək kimi “açıq niyyəti”ndən bəhs etdi. “Təsəvvür edin ki, ona yenidən güc versən, o nə etmək niyyətinə olar,” Harris əlavə etdi.

Cümə axşamı Milli Qurultayda Harrisdən öncə çıxış edənlər arasında Miçiqan qubernatoru Qretçen Uitmer, Şimali Karolina qubernatoru Roy Kuper, 2011-ci ildə kütləvi atışma zamanı ağır xəsarət alan arizonalı Demokrat Qabbi Giffords və vətəndaş hüquqları lideri Al Şarpton oldu.

Şarpton Harrisin namizədliyinin tarixi mahiyyətini vurğulayaraq qeyd etdi ki, o, 52 il əvvəl keçmiş deputat Şirli Çişolm 1972-ci ildə Demokratlar Partiyasından namizədliyini irəli sürdüyü zaman onun seçki kampaniyasının gənclərlə iş üzrə direktoru olub. Qara dərili Çişolm 2005-ci ildə vəfat edib. Şarptonun "Mən bilirəm ki, bu gün qara bir qadın ABŞ prezidentliyinə nominasiyanı qəbul etmətə hazılaşdığı bir vaxt, o, bizi izləyir" deməsi isə alqışlarla qarşılandı.

Bu arada isə Respublikaçılar Harrisi “kommunist” və “təhlükəli dərəcədə liberal” olmadqda ittiham edib. Tramp da onun irqini hədəf alıb, onun vitse-prezidentliyə namizədi JD Vans isə onu “buqələmun” kimi təsvir edib.

Qurultayda həmçinin İllinoys ştatının keçmiş Respublikaçı nümayəndəsi və Tramp tənqidçi Adam Kinzinger də çıxış etdi. O, “Üzərində fikir ayrlığı yaşadığımız hər hansı siyasət mərifət, bu ölkəyə sadiqlik kimi əsas prinsiplərlə müqayisədə daha az əhəmiyyət kəsb edir. Respublikaçı yoldaşlarım: Əgər siz hələ də bu prinsiplərə sadiq qalırsınızsa, mən güman edirəm ki, siz də bura aid olmalısınız.”