Avqustun 21-də siyasi tədqiqatçı Bəhruz Səmədovun saxlanıldığı bildirilir. Bu barədə onun nənəsi Zibeydə Osmanova Amerikanın Səsinə məlumat verib. Nənəsinin sözlərinə görə, saat 16:30-da Dövlət Təhlükəsizlik Xidmətinin 6 əməkdaşı onların yaşadığı evə gəlib və evdə narkotik axtarışı aparacaqlarını deyiblər:
"Bəhruzun özünü axtarışa gətirməmişdilər. Dedim ki, nəvəmin narkotiklə əlaqəsi olsa, bunu bilərdim. Axtarışda narkotik tapmadılar, amma Bəhruza aid olan 2 telefon, 2 kompüter, Lomonosov Universitetinin diplomunu və digər sənədləri götürüblər. Evdən Bəhruza aid nə sənəd varsa, şəxsiyyət vəsiqəsi, xarici pasport və s. götürüb apardılar".
Zibeydə Osmanova bildirib ki, avqustun 22-də vəkil Vəfa Mehdiyeva ona zəng edərək Bəhruz Səmədovun dövlətə qarşı məqalalər yazdığına görə saxlanıldığını deyib.
"Guya Bəhruz ingilis dilində dövlətə qarşı məqalələr yazıb və Qarabağ münaqişəsində sülh müqaviləsinin bağlanması ilə bağlı yazışmalarını tapıblar. O, Çexiyada Karlov Universitetində doktoranturada oxuyur, 1 ay əvvəl Bakıya tətilə gəlmişdi. Dünən təhsilini davam etdirmək üçün geri qayıdacaqdı" - deyə, nənəsi əlavə edib.
Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətindən mövqe almaq mümkün olmayıb. Bəhruz Səmədovun rəsmi olaraq hansı maddə ilə ittiham olunduğu hələlik məlum deyil.
Bəhruz Səmədov "OC Media" və "Bakı Araşdırmalar İnstitutu"nun müəllifidir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə məşhurdur.