Prezident Co Bayden Demokratların Milli Qurultayının ilk günündə söylədiyi nitqdə vitse-prezident Kamala Harrisə möhkəm dəstəyini ifadə edib.
52 illik siyasi fəaliyyətdən sonra partiyanın zirvəsinə qalxmış 81 yaşlı Bayden qurultay zalında qəhrəman kimi qarşılanıb.
Ötən ay siyasi yarışdan çəkildiyini elan etmiş Baydeni izdiham dörd dəqiqə ərzində “Təşəkkür edirik, Co!” deyə salamlayıb.
“Amerika, mən səni sevirəm,” deyə Co cavab verib.
Aydın və enerjili danışan Demokrat lider natiq kürsüsündə öz prezidentliyini müdafiə etmiş, vitse-prezidentə dəstək ifadə vermiş və Trampı tənqid etmişdir.
Baydenin bu çıxışı iyun dayında Trampla debatdakı bəzən çaşqın danışığı ilə təzad təşkil edib.
2020-ci ildəki leytomotivi yenidən səsləndirən Bayden “Amerikanın ruhu uğrunda döyüş” getdiyini vurğulayıb, Harris və Valzı bu döyüşdə qalib çıxmağa ən şanslı liderlər kimi təsvir edib.
Demokrat prezident aydın edib ki, onu yarışdan çıxmağa çağıran heç kəsə pis məram sərgiləmir və hamını Harris ətrafında birləşməyə çağırır.
Trampı Rusiya prezidenti Vladimir Putinə boyun əyməkdə ittiham edən Bayden deyib:
“Mən heç vaxt bunu etmədim və Kamala Harris də heç vaxt bunu etməyəcək.”
"O, hamımızın qürür duyacağı bir prezident olacaq,” Bayden fikrini tamamlayıb.
Bayden deyib ki, 2020-ci ildə Harrisi özünə vitse-prezident seçmək karyerasının "ən yaxşı qərarı" olub.
"O, uşaqlarımızın nümunə kimi baxacağı bir prezident olacaq. O, dünya liderlərinin indiki kimi hörmət bəsləyəcəyi bir prezident olacaq," deyə Co Bayden Kamala Harrisin Amerikanın gələcəyinə öz möhürünün vuracağını bəyan edib.
Baydenin nitqindən öncə qurultayda çıxış edən digər tanınmış simalar, o cümlədən sabiq prezidentliyə namizəd Hillari Klinton Demokrat prezidenti tərifləyib və ona sərgilədiyi liderliyə görə şükranlıqlarını ifadə ediblər.
Qurultayın ilk günündə çıxış edən Demokrat natiqlərin bir çoxu Respublikaçıların abort hüquqları üzrə mövqeyini tənqid ediblər. Onlar sabiq prezident və hazırkı Respublikaçı prezindetliyə namizəd Trampın məhkəmə problemlərinə diqqət çəkmiş və onun mənəvi dəyərlərini sual altına almışlar. Bir çoxları Trampın siyasətinin yalnız varlılara, Harrisin siyasətinin isə işçi sinfə xidmət göstərəcəyini vurğulayıblar.
Respublikaçıların Milli Qurultayı iyul ayında Donald Trampı prezidentliyə, JD Vansı vitse-prezidentliyə namizəd seçib. Tramp-Vans komandası Demokrat iqtidarın apardığı siyasəti, ələlxüsus cənub sərhədinə nəzarət və inflyasiya üzrə göstəricilərini tənqid edir və bu hakimiyyət dönəmində amerikalıların rifah halının pisləşdiyini bildirir.