Külək və quru hava şəraiti Türkiyənin qərbində meşə yanğınlarına səbəb olub; minlərlə insan təxliyə edilib

Şənbə günü Türkiyənin qərbində meşə yanğını davam edib. Səlahiyyətlilərin dediyinə görə, yüksək küləklər və isti temperatur səbəbilə yanğın daha da şiddətlənib.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Agentliyinin məlumatına görə, son bir həftədə Türkiyədə 130-dan çox yanğın baş verib. Onların çoxu nəzarət altına alınsa da, İzmir, Aydın, Manisa, Karabük və Bolu vilayətlərində səkkiz böyük yanğın davam edir.

Minlərlə yanğınsöndürən quru və havadan yanğınlara qarşı mübarizə aparır, yanğınsöndürmə səylərinə onlarla təyyarə, yüzlərlə maşın cəlb olunub.

Yanğının təsirinə məruz qalan ərazilərdən minlərlə insan təxliyə edilib, ancaq kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklının dediyinə görə, ölən olmayıb.

Yumaklı yanğının şiddətlənməsinə səbəb olan amillər arasında aşağı rütubət, külək və yüksək temperaturun olduğunu bildirib. Ali Meşə Müdirliyi Türkiyənin qərbindəki haba şəraiti səbəbilə insanlara növbəti 10 gündə çöldə ocaq yandırmamaq barədə xəbərdarlıq edib və meşə yanğını riskinin 70 faiz artdığını bildirib.

Bu arada isə hüquq-mühafizə orqanları yanğınla əlaqədar dörd nəfəri saxlayıb. Onlardan ikisi həbs edilib, ikisi isə sərbəst buraxılıb.

İyun ayında Türkiyənin cənub-şərqində yanğın nəticəsində 11 nəfər ölüb, onlarla insan xəsarət alıb.