Özbəkistanın baş naziri Əfqanıstana səfər edib

Taliban rəsmisi Əbdül Salam Hənəfi.

Özbəkistan baş naziri Abdulla Aripov şənbə günü Əfqanıstana səfər edib. Bu, Taliban üç il öncə hakimiyyətə geri dönəndən bəri hər hansı xarici rəsmi tərəfindən ölkəyə ilk yüksək səviyyəli səfərdir.

Sənaye və Ticarət Nazirliyinin açıqlamasına əsasən, Aripov nümayəndə heyəti ilə birlikdə Kabil hava limanında Talibanın baş nazir müavini Əbdül Salam Hənəfi və hökumətin başqa yüksək səviyyəli üzvləri tərəfindən qarşılanıb.

Bəyanatda deyilir ki, Aripov səfəri zamanı Taliban liderləri ilə görüşüb və ikitərəfli münasibətləri və iki ölkə arasında ticarət və biznes ələqələrinin gücləndirilməsini müzakirə edib. Beş ticarət və sərmayə sazişi imzalanıb.

Bəyanata əsasən, Nümayəndə heyəti həmçinin orada Özbəkistan məhsullarının sərgisinin açılışında iştirak edir.

Həftənin əvvəlində isə Özbəkistan nümayəndə heyəti Ticarət Nazirliyinin rəsmiləri ilə görüşlər keçirib. Cümə günü Əfqanıstan mediası bildirib ki, ticarət əlaqələrini artırmağın yollarını müzakirə etmək məqsədilə Kabildə Əfqanıstan, Özbəkistan və Azərbaycanın iqtisadiyyat nazirləri arasında üçtərəfli görüş keçirilib.

Özbəkistan və Əfqanıstan arasında 144 kilometlik sərhəd var və bu yaxınlarda iki ölkə arasında münasibətlər yaxşılaşıb.

Taliban 2021-ci ilin avqustunda ABŞ və NATO qüvvələrinin 20 illik müharibədən sonra ölkədən çıxdığı bir vaxtda Əfqanıstanda hakimiyyəti ələ keçirib. İndiyədək dünya Əfqanıstanın Taliban hökumətini tanımayıb. Beynəlxalq ictimaiyyət Talibanın hakimiyyətə gələndən bəri həyata keçirdiyi sərt tədbirlərə, xüsusilə də qadınlar, qızlar və azlıqların hüquqlarına məhdudiyyətlərə ehtiyatla yanaşır.