"Meta" Rusiyanın sosial mediada Cənubi Qafqaz ölkələrini hədəf alan şəbəkəsini silib

"Meta" şirkəti Facebook və Instagram sosial şəbəkələrində Azərbaycan, Ermənistan və Gürcüstanı hədəf alan Rusiya mənşəli saxta hesablar şəbəkəsini silib. Şəbəkənin sosial mediada reklam üçün 77 min dollar civarında pul xərclədiyi bildirilir.

"Meta" avqustun 15-də yaydığı hesabatında qeyd edir ki, saxta hesablar şəbəkəsi Cənubi Qafqaz ölkələrini hədəfə alan saxta xəbər saytları ətrafında cəmləşib. Rusiya azərbaycan, erməni, gürcü və rus dillərində fəaliyyət göstərən “xəbər saytları” və saxta hesablar şəbəkəsi vasitəsilə bu ölkələrdəki siyasi-ictimai proseslərə təsir etmək məqsədi güdüb.

Həmin saytların hələ də işinə davam etdiyini bildirən "Meta" Azərbaycanı hədəfə alan şəbəkənin yerli hadisələrlə bağlı paylaşımlar etdiyini və Qərbi tənqid etdiyini vurğulayıb.

Şəbəkə Ermənistanda siyasətlə bağlı yazılar, o cümlədən Rusiya, hazırda Azərbaycanda həbsdə olan erməni məmurlar haqqında dəstəkləyici şərhlər yazıb və Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid etməklə məşğul olub.

Gürcüstanı hədəfə alan saxta hesablar isə "Xarici agent qanunu"na qarşı son etiraz aksiyaları barədə yazılar yazaraq etirazçıları tənqid edib, hakim Gürcü Arzusu partiyasını dəstəkləyiblər.

Hesabata görə, ilin ikinci rübü ərzində Rusiyanın Cənubi Qafqaz ölkərini hədəfə alan şəbəkəsinə aid 76 Facebook hesabı, 30 Facebook səhifəsi və 11 Instagram hesabı silinib.

Şəbəkənin yazıları daha geniş kütləyə çatdırmaq üçün reklamlara 77 min dollar məbləğində pul xərclədiyi bildirilir.

"Meta" şəbəkənin Facebook və Instagramla yanaşı digər sosial media platformalarında, o cümlədən YouTube, Telegram və TikTok-da aktiv olduğunu deyir.