ABŞ səfiri AXCP sədri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin AXCP sədri Əli Kərimli ilə görüşü (foto: ABŞ səfirliyi)

Avqustun 14-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə görüşüb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

"Avqustun 14-də səfir Libbi Əli Kərimli ilə görüşü zamanı ona qarşı açılan cinayət işi barədə məlumat alıb", xəbərdə qeyd edilir.

Məlumatda deyilir ki, səfir Libbi ABŞ-ın demokratiya, insan haqları və əsas azadlıqlara dəstəyini bir daha vurğulayıb.

Bundan əlavə ABŞ Dövlət Departamentinin sözçüsü AXCP sədri Əli Kərimlinin Azərbaycanda təqib olunması ilə bağlı xəbərlərə münasibət bildirib.

“Biz vətəndaş cəmiyyətinə və siyasi müxalifət üzvlərinə qarşı davam edən repressiyalardan dərin narahatıq. İfadə azadlığı da daxil olmaqla, insan hüquqlarını və əsas azadlıqları həyata keçirənlər təzyiqə məruz qalmamalıdır”, Dövlət Departamentinin sözçüsü Turan Agentliyinə bildirib.

Öz növbəsində AXCP sədri Əli Kərimli Facebook səhifəsində ABŞ-ın Azərbaycandakı səfiri Libbi ilə görüşü barədə məlumat paylaşıb.

"ABŞ-ın Azərbaycandakı səfiri Libbi ilə görüşümüzdə mənə qarşı açılmış cinayət işi və partiyamıza qarşı irəli sürülmüş məhkəmə iddialarını müzakirə etdik ", Kərimli qeyd edib.

Xatırlatma

Avqustun 13-də Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün şikayətə baxılıb. Şikayət AXCP Nəzarət Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev tərəfindən verilib. İddiaçı Əli Kərimli barəsində Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cinayət işi başlanmasını istəyir. İddiaçı məhkəmədən Əli Kərimlinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Xatırladaq ki, rəsmi Bakı bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, bütün şəxslərin qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.