Avqustun 13-də Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün şikayətə baxılıb. Şikayət AXCP Nəzarət Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev tərəfindən verilib. İddiaçı Əli Kərimli barəsində Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cinayət işi başlanmasını istəyir. İddiaçı məhkəmədən Əli Kərimlinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.
Your browser doesn’t support HTML5
Aydın Əliyev bildirib ki, Əli Kərimli müxtəlif internet kanallarında, AXCP Ali Məclisinin toplantısında onun etibarını itirdiyini, hökumətpərəst siyasətinə görə partiyadan xaric edildiyini, daha sonra hakimiyyətin məhkəmələrin əli ilə onu zorla partiyaya bərpa etdirdiyini deyib. Əli Kərimli onu da bildirib ki, hakimiyyət Aydın Əliyevin vasitəsilə – onun məhkəmədə qaldırdığı iddia əsasında AXCP-nin keçirdiyi qurultayın nəticələrini ləğv elətdirib:
"Bilə-bilə böhtan atıb, şərəf və ləyaqətimi təhqir edib".
Aydın Əliyev məhkəməyə video-görüntülər təqdim edərək bildirib ki, içində Əli Kərimlinin onun haqqında çıxışları yer alıb.
Kərimlinin vəkili Fəxrəddin Mehdiyev məhkəmədə iddiaya etirazını bildirib. Vəkilin sözlərinə görə, Aydın Əliyevin məhkəməyə təqdim etdiyi iddia qanunun tələbinə uyğun tərtib olunmayıb:
"Məhkəmə bu vəziyyətdə tərtib olunmuş iddianı icraata götürüb baxa bilməz. Xüsusi ittiham qaydasında qaldırılan iddia ilə bağlı qanunun tələbləri var. O tələblərin heç birinə əməl olunmayıb. İddia edilən cinayət harada baş verib, sübutlar nədən ibarətdir – bütün bunlar göstərilməliydi, amma yoxdur".
Hakim Babək Pənahov Aydın Əliyevə iddia ərizəsindəki çatışmazlıqları aradan qaldırmaq üçün bir həftə vaxt verib.
Əli Kərimli bildirib ki, bugünkü məhkəmədə şikayətin mahiyyəti müzakirə olunmayıb, lakin şikayət prosessual qaydalara uyğun olmadığına görə məhkəmə tərəfindən iddiaçıya vaxt verilib:
"19 avqust saat 11-də biz yenə də buradayıq. İddiaçı şikayətini prosessual qaydalara uyğunlaşdırmalıdır. Mənə Aydın Əliyevin müxtəlif platformalarda mənim haqqımda təhqiramiz çıxışlar etməsini göndərirlər, amma mən onu təhqir etməmişəm. Onun AXCP Rəyasət Heyəti tərəfindən hakimiyyətlə əməkdaşlıq etdiyinə, partiyanın siyasi xəttinə zidd mövqe tutduğuna görə partiyadan xaric edildiyini demişəm".
Partiya sədri qeyd edib ki, əksinə, Aydın Əliyev onu təhqir edib, lakin ondan şikayət verməyi düşünmür.
"Mənim onunla mübarizəm yoxdur, mən ümumiyyətlə Azərbaycan hakimiyyətinin müxalifətə qarşı istifadə etdiyi heç kimlə mübarizə aparmıram. Mənim apardığım mübarizə İlham Əliyevin rəhbərlik etdiyi iqtidarladır, rejimlədir" - deyə, AXCP sədri vurğulayıb.
Əli Kərimlinin sözlərinə görə, bu məhkəmə prosesi Azərbaycan məhkəməsi üçün sınaqdır və bütün dünya məhkəmə prosesini izləyir.
AXCP bəyanatında bildirib ki, bundan Aydın Əliyevin şikayətləri əsasında Nəsimi Rayon Məhkəməsi AXCP-nin axırıncı qurultayının qərarlarını (o cümlədən Əli Kərimlinin AXCP sədri seçilməsi haqda qərarı) ləğv edib.
"Bakı Apellyasiya Məhkəməsi partiyanın fəaliyyətinin dayandırılması barədə iddiaya baxmağa başlayıb. Hakimiyyət buna qədər də Əli Kərimliyə qarşı dəfələrlə cinayət işi başladıb. Bir neçə dəfə məhkəmələrdəki ifadələrlə təsdiq olunub ki, həbs edilmiş müxtəlif şəxslərdən işgəncə yolu ilə Əli Kərimlinin əleyhinə saxta ifadə almaq istəyiblər. Əli Kərimli dəfələrlə rejimin fiziki zorakılığına məruz qalıb (ən ağırı 19 oktyabr 2019-cu ildə razılaşdırılmamış yürüş-mitinq zamanı olub), onun 18 ildir vətəndaşlıq pasportu verilmir, 4 ildir internet və mobil telefon xidmətindən istifadəsi məhdudlaşdırılıb, özü daimi təqib və izləmə altındadır" - deyə, bəyanatda qeyd edilir.
AXCP sədri Əli Kərimli ilə bağlı məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən Aydın Əliyev Amerikanın Səsinə iddiasını təsdiq edib.
O bildirib ki, AXCP sədri bilə-bilə müxtəlif internet televiziya kanallarında və nəşrlərdə ona böhtan atıb. Aydın Əliyev müxtəlif zamanlarda iddia edib ki, "Əli Kərimli sözdə demokratiya uğrunda mübarizə apardığını desə də, əslində partiya daxilində sərt diktatura rejimi yaradıb".
Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.
AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb.
Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
AXCP özünə qarşı bu repressiv addımları qətiyyətlə pisləyir və hakimiyyətdən başlatdığı "absurd məhkəmə təqiblərini" dərhal dayandırmağı tələb edir.
Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.