İran Radio və Televiziya Təşkilatının Şərqi Azərbaycan vilayətində yayımlanan “Səhənd” telekanalının baş müdiri Əkbər Rzayi Təbrizinin telekanalda istifadə edilən "meyar dillə" əlaqədar sözləri təpkilərə yol açıb.
Əkbər Rzayi Təbrizi bazar ertəsi günü Şərqi Azərbaycan vilayəti telekanalının türkcə verilişlərində istifadə edilən dildə Təbriz ləhcəsinin əsas alındığını vurğulayaraq “qonşu ölkələrin ləhcəsinə doğru getməyin çox səhv bir yol” olduğunu qeyd edib.
Mətbuat nümayəndələri ilə keçirdiyi iclasda danışan baş müdirin bu sözlərini İranın rəsmi və yarı-rəsmi xəbər agentlikləri dərc edib.
SEE ALSO: “Türk Dili Bölümündə dil Təbriz ləhcəsi əsasında tədris ediləcək.”Yarı-rəsmi Fars agentliyinə istinadən, Əkbər Rzayi telekanalın istifadə etdiyi dil haqqında verilən sualın cavabında deyib ki, “xəbərlərdə atəşsuzi (yanğın sözünün farscası) üçün yanqın dedilər ki, mən xəbərdarlıq etdim ki, yanqın atəşsuzi anlamında deyil; ya məsələn, şənbə və yekşənbə üçün süt günü, su günü deyirlər. Biz toplumda nə zaman bu kəlmələri işlətmişik? Biz niyə Bakı kimi danışaq? Halbuki öz dilimiz var və elə o bakılılar özləri bizə baxır!”
Dövlət agentliyi İRNA-nın xəbərinə görə, Əkbər Rzayi Şərqi Azərbaycan telekanalında Təbriz ləhcəsinin əsas alındığını vurğulayıb.
“Yerli və məhəlli dil yerinə qonşu ölkələrin ləhcəsinə doğru getmək çox səhv və yanlış bir yoldur. Bizim əsas meyarımız Azərbaycan Türkcəsinin Təbriz ləhcəsidir” - deyə, baş müdir bildirib.
SEE ALSO: Toğrul Atabay: İranda dil siyasətini siyasi motivlər istiqamətləndirir [Audio-Müsahibə]Bir çox sosial media istifadəçisi telekanal rəhbərinin sözlərinə təpki olaraq öz sösial media hesablarında Təbrizin tarixi yanğınsöndümə qülləsi olan “Yanqın Qülləsi”nin görüntülərini paylaşıblar.
Şərqi Azərbaycan sakini siyasi fəal Yunus Təbrizli öz X hesabında Yanqın Qülləsinin görüntüsünü paylaşaraq yazıb ki, “bu binanın adı Yanqın Qülləsidir. Təqdim olsun telekanın rəhbəri və ya hər kimə ki, buyurur türk dilində yanqın kəlməsi yoxdur.”
Təbrizli rejissor Möhsin Hadi də telekanal rəhbərinin sözlərinə reaksiya göstərib. “doğrusu bizin dil bir #yanqın kimidir, düşüb faşizmin canına,” Hadi öz X hesabında paylaşıb.
“Təbrizli” adı ilə fəaliyyət göstərən digər bir istifadəçi də yazıb ki, “İsfahan və Yəzd vilayətlərində İsfahan və Yəzd ləhcələri əsas alınırmı ki, Təbrizdə Təbriz ləhcəsi əsas alınsın? Hər dilin onlarla ləhcəsi olar ama meyar dil birdir.”