Deputat Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunanlara hökm oxunub

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa

Azərbaycan Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə ittiham olunanlara hökm oxunub.

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük azadlıqdan məhrum edilib.

Digər ittiham olunanlar- Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahdan atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Deputatın silahlı hücuma məruz qalması ölkə ictimaiyyətinin geniş müzakirələrinə səbəb olub. Hüquq-mühafizə orqanları silahlı hücumu terror adlandırsa da, onun sifarişçiləri barədə hələ məlumat verməyib.

Politoloq Azər Qasımlı hesab edir ki, Fazil Mustafanın evinin qarşısında güllələnməsi ciddi hadisədir.

“Həm bu olay, həm daha əvvəl baş verən kriminal hadisələr ilk növbədə ondan xəbər verir ki, ölkədə nə iqtisadi, nə sosial, nə də siyasi sabitlik var. Bu həm daxildən, həm də xaricdən qaynaqlanır. Bundan sonra "sabitlik" sözünü dillərinə gətirməsinlər. Hakimiyyətin daxili və xarici siyasəti iflasa uğramaqdadır. Ac vətəndaşla zor gücünə, aqressiv daxili və xarici ritorika ilə sabitlik qalıcı faktora çevrilə bilməz”, o, Facebook səhifəsində qeyd edib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu da (SEPAH) deputatın silahlı hücuma məruz qalmasından dərhal sonra Teleqram səhifəsində münasibət bildirib.

“İran və İslam əleyhinə mövqeləri ilə tanınan Azərbaycan Milli Məclisinin deputatı Fazil Qəzənfəroğlu (Mustafa) qətlə yetirilib”, SEPAH qeyd edib.